Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Kainatı kəşf edək” fotomüsabiqəsinin nəticələri açıqlanıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı, Azərbaycan Fotoqrafları Birliyinin (AFB) dəstəyi ilə keçirilən “Kainatı kəşf edək” fotomüsabiqəsinin nəticələri noyabrın 6-da açıqlanıb.

Avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunub. Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, İran və Qazaxıstandan peşəkar və həvəskar fotoqrafların müsabiqəyə təqdim etdikləri 100-dən çox foto kodlaşdırıldıqdan sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə və AFB idarə heyətinin sədri Mirnaib Həsənoğludan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekun qərara əsasən, birinci yerə Ali İhsan Öztürk, ikinci yerə Aleksandr Ağababayev, üçüncü yerə isə Etibar Cəfərovun çəkdiyi fotolar layiq görülüb. Bundan başqa, seçilmiş 25 ən yaxşı foto AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil olunmuş sərgidə nümayiş etdirilib.

Qaliblər “Kainata səyahət” astroturizm mərkəzində istirahət imkanı qazanıb, rəsədxananın xüsusi diplomu və hədiyyələrlə mükafatlandırılıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər