Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nin Riyaziyyat və Mexanika İnstitutunun direktoru prof. Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti, Zati Aliləri, cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.


Azərbaycan Respublikasının Prezidenti,
Zati Aliləri, cənab İlham Əliyevə!

Möhtərəm cənab Prezident, Sizi yenidən ölkə prezidenti seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, bu şərəfli və məsuliyyətli işinizdə daha böyük uğurlar diləyirəm.

Çox hörmətli cənab Prezident, qədirbilən Azərbaycan xalqı növbəti dəfə Sizə səs verməklə ölkəmizin davamlı inkişafına, müstəqilliyimizin daha da möhkəmlənməsinə, Heydər Əliyev siyasətinin uğurla davam etməsinə səs verdi.

Son on ildə ölkəmizin hər bir vətəndaşının Prezidenti olaraq, Siz çadır şəhərciklərini ləğv edərək, orada yaşayan məcburi köçkünlər üçün hər cür şəraiti olan qəsəbələr tikdirdiniz, beynəlxalq standartlara uyğun yollar çəkdirdiniz, məktəblər, xəstəxanalar, idman kompleksləri inşa etdirdiniz, elektrik enerjisi problemini həll etdiniz, ölkənin qazlaşması istiqamətində irəliyə doğru çox ciddi addımlar atdınız, yoxsulluğu minimum endirdiniz, bir milyon iki yüz mindən çox yeni iş yeri açdınız, Dövlətimizin və millətimizin beynəlxalq aləmdə nüfüzunu yüksəltdiniz. On ildə Azərbaycan Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət nəticəsində dünyanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrildi, əksər ölkələr iqtisadi böhran keçirsə də, biz daha sürətlə inkişaf etdik, iqtisadi qüdrətimiz üç dəfədən çox, büdcəmiz iyirmi dəfəyə yaxın artdı, BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçildik və hazırda bu mötəbər quruma rəhbərlik edirik, özümüzün milli süni peykimiz var, indi Azərbaycan dünyanın enerji problemlərinin həllində yaxından iştirak edir. Dağlıq Qarabağ probleminin həlli istiqamətində həyata keçirdiyiniz müdrik siyasət öz müsbət nəticələrini verməkdədir.

Bəli, atalar yaxşı deyib, görünən dağa nə bələdçi?

Hörmətli cənab Prezident, yuxarıda qeyd etdiyim məqamları bütün Azərbaycan xalqı yaxşı bilir, seçki ərəfəsində İsmayıllı rayonunda seçicilərlə keçirdiyimiz çoxsaylı görüşlərdə onları sadə insanlardan eşitdikcə böyük qürur hissi keçirirdik.

Çox hörmətli cənab Prezident, Sizi yenidən Azərbaycan Dövlətinin Başçısı seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və müstəqil Azərbaycanın inkişafı naminə daha böyük nailiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla YAP siyasi şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika institutunun direktoru, Misir Mərdanov.

Faydalı linklər