Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi mövzusunda Ümuminstitut seminarı keçirilib


May 20-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında texnika elmləri namizədi, dosent, əməkdar mühəndis, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsinin direktoru Əbülfət Fətullayev çıxış edib. Seminarda Dilmanc layihəsi çərçivəsində yaradılmış aşağıdakı sistemlərdən danışılıb:
1. Nitqin Azərbaycan dilindən digər dillərə və əksinə avtomatik tərcüməsi sistemi (Dilmanc Translator/Conversation)
2. Nitqin avtomatik mətnə çevrilməsi sistemi (Dilmanc İmla)
3. Mətnin səsləndirilməsi (nitqin sintezi) sistemi (Dilmanc TTS)
4. İstifadəçi ilə şifahi dialoq aparan sistem (Təbii dilin başa düşülməsi)
5. Maşın tərcüməsi və elektron lüğətlər və s.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün tətbiqi linqvistik texnologiyaların yaradılması istiqamətində tədqiqatlar aparılır və alınmış nəticələr əsasında müasir NLP (Natural Language Processing – təbii dillərin emalı) sistemləri yaradılır. Layihə çərçivəsində maşın tərcüməsi, nitqin tanınması və başa düşülməsi, mətnlərin səsləndirilməsi, çağrı sistemləri, ağıllı axtarış, şifahi sorğunun cavablandırılması, qurğuların səslə idarə edilməsi, nitqin nitqə avtomatik tərcüməsi və digər intellektual texnologiyaların yaradılması sahəsində işlər görülür. Adı çəkilən texnologiyların yaradılması üçün Dərin Neyron Şəbəkələr (Deep Neural Networks), Gizli Markov Modelləri (Hidden Markov Models), riyazi statistika və digər nəzəriyyələrdən geniş istifadə olunur. Elmi yeniliklərin praktik məhsula çevrilməsi üçün paylanmış hesablama sistemləri (Hadoop və MapReduce), çoxnüvəli qrafik prosessorlar və digər müasir hesablama və proqramlaşdırma üsullarından istifadə edilir. Göstərilən sistemlər haqqında daha ətraflı məlumat almaq və istifadə etmək üçün layihənin www.dilmanc.az saytına daxil olmaq lazımdır.

Faydalı linklər