Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Çoxluq


Çoxluq müasir riyaziyyatın mühüm anlayışlarından biridir. Çoxluq anlayışından riyaziyyatın demək olar ki, bütün sahələrində istifadə olunur. Çoxluq anlayışı aksiomatik daxil olunur və heç bir elementar anlayışın köməyi ilə təyin edilə bilməz. Bu anlayışın mənasını yalnız izah etmək olar. Məsələn, “çoxluq çoxun vahid kimi düşünülməsidir.” Bu izahlardan heç biri dəqiq riyazi tərif deyil.
Sonlu sayda elementi olan çoxluğa sonlu çoxluq, qalanlarına isə sonsuz çoxluq deyilir. Sonlu çoxluq sonsuz çoxluqdan həm də onunla fərqlənir ki, sonlu çoxluğun özü ilə eynigüclü düzgün hissəsi (özündən fərqli altçoxluğu) yoxdur, sonsuz çoxluğun isə var (bax: çoxluğun gücü).
Sonlu çoxluğu elementlərini sadalamaqla vermək olar (məsələn, sinifdəki şagirdlər çoxluğu onların sinif jurnalındakı siyahısı ilə verilir). Sonsuz çoxluğu bu üsulla vermək olmaz. Onları, adətən, verilmiş çoxluğun bütün elementlərinin malik olduğu və bu çoxluğa daxil olmayan obyektlərdən heç birinin malik olmadığı xassəni göstərməklə verirlər.
Çoxluq latın əlifbasının böyük hərfləri ilə onun elementləri isə kiçik hərfləri ilə işarə olunur.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər