Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat edib


Lutfi Zade

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da 96 yaşında vəfat edib.
Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olmuş, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurmuşdur. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalmışlar. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olmuş, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə o, 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirmişdir. Alimin dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulmuşdur.
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini almışdır. 1959-cu ildən Berkli Universitetində çalışmış, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik etmişdir. Lütfi Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərmişdir.
Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan məhz qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olmuşdur. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yartmışdır. Beləliklə, elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yaranmışdır. Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.
Lütfi Zadə həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.
Lütfi Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Dünya şöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Lütfi Zadə AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak etmiş, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunmuşdu.
O, NASA və NATO-nun aparıcı mütəxəssisi idi. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edirdi. Məlumat üçün bildirək ki, Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi.
Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü idi. O, çox sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilmişdir. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru idi. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, fəxri akademiki seçilmişdir.
Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan xalqına, elmi ictimaiyyətə, mərhumun yaxınlarına dərin hüzünlə baş sağlığı verir.
Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər