Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın “Qonaq Evi”nın açılışı olub


AMEA Riyaziyyat və Mexanika İnstitutu22 sentyabr 2017-ci il tarixində Bakıda AMEA-nın “Qonaq Evi”nin açılış mərasimi baş tutub. Mərasimdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, bölmələrin akademik-katibləri, Rəyasət Heyəti aparatının idarə rəisləri və digər məsul şəxslər iştirak edib.

Öncə AMEA prezidenti, akademik Akif Əlizadə “Qonaq evi”nin açılışını bildirən rəmzi lenti kəsib.

Sonra mərasim iştirakçıları qonaq evini gəzərək, burada yaradılan şərait, müasir dizaynda və zövqlə tərtib edilmiş otaqlarla tanış olublar.

AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə ərsəyə gəlmiş qonaq evi haqqında ətraflı məlumat verib. Bildirib ki, 11 otaq, gözləmə zalı, xidmət və təsərrüfat otaqlarından ibarət olan qonaq evi AMEA-ya gələn qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulub.

Qeyd olunub ki, təmirində müasir memarlıq elementlərindən istifadə olunmuş bina bütün lazımi əşya və avadanlıqlarla təchiz olunub. Binanın interyerinin tərtibatında mebel və aksessuarlardan istifadə edilib, qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, burada qonaqların yüksək səviyyədə qarşılanması, onlara lazımi xidmətlərin və köməkliyin göstərilməsi üçün peşəkar işçi heyəti fəaliyyət göstərəcək.

Foyedə AMEA-nın institut və təşkilatlarının fotoları yerləşdirilib, “Qonaq evi”nin ümumi dizaynında AMEA-nın loqosu və ölkənin milli atributlarından istifadəyə geniş yer verilib.

Sonda çıxış edən akademik Akif Əlizadə qonaq evində yaradılmış müasir standartlara cavab verən şəraiti yüksək qiymətləndirib, bu işin ərsəyə gəlməsində rolu olan insanlara təşəkkürünü bildirib.

Mənbə: www.science.gov.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər