Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“2016-cı il İlin Alimi” mükafat müsabiqəsinin Fizika, riyaziyyat və texnika elmləri sahəsinin əsas nominasiya üzrə qalibi AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev olmuşdur


2017-ci il 16 oktyabr tarixində Prezident yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim-Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib. Müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub.
İlk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” mükafat müsabiqəsinin Fizika, riyaziyyat və texnika elmləri sahəsinin əsas nominasiya üzrə qalibi Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev təltif edilmişdir.
Professor Vaqif Quliyevin elmi-tədqiqat layihələri bir sıra beynəlxalq qrantlara layiq görülmüş, 250-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Elmi məqalələrinin 150-dən çoxu Thomson Reuters siyahısında olan impakt faktorlu beynəlxalq jurnallarda çap edilmişdir.
Alimin elmi əsərlərinə informasiya sistemlərindən alınmış məlumata görə – Google Scholar Citations-2045, MathSciNet Mathematical Reviews-605, Scopus-561, Web of Science-540 istinad edilmişdir. H-indeksi Google Scholar Citations 22, Scopus 13, Web of Science 12, Mendeley 12-dir.
Alimin kadr hazırlığı sahəsində də böyük xidmətləri var. Onun rəhbərliyi ilə 20 fəlsəfə və 2 elmlər doktoru hazırlanmışdır.
Professor Vaqif Quliyev 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.
Elmi nailiyyətlərinə görə 1993-cü ildə Amerika Riyaziyyat Cəmiyyətinin “Soros Foundation” mükafatına layiq görülmüş, 2000-ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2002-ci ildə “NATO Science Prop Coll Linkage Grand”, 2008-ci ildə İNTAS layihəsində ənaktiv “team leader” mükafatlarına layiq görülmüşdür. 2014-cu ildə “Avropa Nəşr Mətbu Evi” nin mükafat komissiyasının qərarı ilə “Ən yaxşı vətənpərvər tədqiqatçı alim qızıl medalı” ilə təltif olunmuşdur. 2017-ci ildə Azərbaycanda riyaziyyat elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 60 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunub.
Bu il Türkiyənin Ahi Evran Universitetində professor Vaqif Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri- OMTSA2017” adlı konfrans keçirilmişdir.
Professor Vaqif Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri jurnalının, Riyaziyyat buraxılışının fizika-texnika və riyaziyyat elmləri bölməsinin baş redaktorudur.
Alimi Riyaziyyat və Mexanika İnstitutu kollektivi adından”2016-cı il İlin Alimi” mükafatı alması münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, riyaziyyat elminin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər