Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA ilə Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq əlaqələri genişlənir


AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Clarivate Analytics (Thomson Reuters) təşkilatının Əqli Mülkiyyət və Elm Departamentinin İnkişaf Etməkdə olan ölkələr üzrə baş direktoru Viji Krişnanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə akademik İ.Quliyev AMEA ilə Clarivate Analytics təşkilatı arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. Qeyd edib ki, Azərbaycanda Clarivate Analytics şirkətinin Web of Science məlumat bazasının istifadəçilərinin sayı tədricən artır, iki təşkilat arasında mövcud əməkdaşlıq daha da genişlənir. Yaradılan imkanlara görə təşkilat rəhbərliyinə minnətdarlığını bildirən alim AMEA-nın ayrı-ayrı elmi müəssisələrinin bu sahədəki fəallığını müəyyən etmək məqsədilə statistik göstəricilərin təqdim edilməsini təklif edib.

Sonra baş direktor Viji Krişnan çıxış edərək birgə əməkdaşlığın hər iki tərəf üçün geniş perspektivlər yaratdığını qeyd edib. Qonaq bildirib ki, görüşün əsas məqsədi Web of Science elmmetrik məlumat bazasından istifadə imkanlarının genişləndirilməsini müzakirə etməkdir. Təşkilat tərəfindən alimlər üçün nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr qaydalarını izah edən master-klassların təşkil olunduğunu deyən V.Krişnan gələcəkdə bu kimi təlimlərin AMEA-nın gənc alimləri üçün də keçiriləcəyini vurğulayıb.

Tərəflər patentlərin alınması, müəllif hüquqlarının qorunması, elmin kommersiyalaşdırılması, elmi nailiyyətlərin istehsalatda tətbiqi kimi vacib məsələləri də müzakirə ediblər.

Görüşdə, həmçinin Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov, Clarivate Analytics agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.

Mənbə:www.science.az

Faydalı linklər