Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Əjdər Ağayevin 80 illik yubileyi qeyd olunub


Bakı Mühəndislik Universitetinin Pedaqogika Kafedrasının professoru, Azərbaycan Respubilkası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar müəllim Əjdər Ağayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yubiley tədbirində Azərbaycan Ağsaqqallar şurasının sədri Fəttah Heydərov, Təhsil Nazirinin müavini Yaqub Piriyev, AMEA Riyaziyyat və Mexanika Institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, AMEA Riyaziyyat və Mexanika Institutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vagif Quliyev, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Bəstəkar Oktay Rəcəbov, Ali Məktəb və elmi tədqiqat universitetlərinin nümayəndələri, pedaqoqlar, şairlər, orta məktəb müəllimləri və tələbələr iştirak edib.
Yubiley tədbiri Əjdər Ağayevin həyatından bəhs edən filmin izlənilməsi ilə başlayıb.
Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, professor ömrünün 60 ilini Azərbaycan elminə, pedaqogikanın inkişafına həsr edib. Əjdər Ağayev 50 nəfərdən çox elmlər doktoru və fəlsəfə doktoru yetişdirib. 500-dən çox elmi əsərin, 40-dan çox kitabın müəllifidir.Eyni zamanda Əjdər müəllim şair, yazıçı və jurnalistdir. Onun şeirlərinə mahnılar bəstələnib, pyesləri səhnələşdirilib. Hələ sovet dövründə dövlət televiziyasında xüsusən gənclərin maarifləndirilməsində mühüm yeri olan verilişlərin müəllifi olub. Rektor yubiley tədbirinin təşkilində Təhsil Nazirliyinin diqqət və qayğısından da danışıb.
Sonra AMEA Riyaziyyat və Mexanika Institutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Əjdər Ağayevi təbrik edib. 1998–ci il 25 sentyabrda Ümummilli liderimiz Heydər Əliyevində iştirak etdiyi müəllimlərin ilk respublika konfransından və Təhsil şurasının yaranmasından, Əjdər Ağayevin Təhsil şurasına sədr seçilməsindən danışıb.
Təbrik nitqi söyləyən digər natiqlər Yubilyarın elmi nəaliyyətləri ilə yanaşı insani keyfiyyətlərindən, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasındakı rolundan danışıb, ona uzun ömür, can sağlığı, yeni-yeni nəaliyyətlər arzulayıblar. Xüsusilə vurğulayıblar ki, sizin kölgənizdə alimliklə yanaşı insanlıq formalaşır.
Professor Əjdər Ağayev tədbirə təşrif buyuran insanlara təşəkkürünü bildirib. Tədbirin təşkili üçün mənə doğma olan Bakı Mühəndislik Universitetinin kollektivinə və hörmətli rektorumuz Havar müəllimə minnətdaram. İnsanın sevincinə şərik olmaq ona verilən böyük dəyərdir. Mənə verdiyiniz bu dəyər daha məsuliyyətli olmağıma stimuldur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər