Kvant hesablamaları kibertəhlükəsizlik sahəsində problemlər yaradacaq

Kvant kompüterlərin meydana çıxması ilə ənənəvi şifrələmə səmərəliliyini itirəcək.

Texnoloji cəhətdən inkişaf etmiş ölkələr uzun müddətdir ki, əsas diqqəti kvant hesablamalarının kriptoqrafiya üçün yaradacağı təhlükələrə yönəldiblər. Avropa İttifaqı kriptoqrafiyanın inkişafına yalnız 2016-cı ildə 1,13 milyard dollar sərmayə yatırıb. Böyük Britaniya bu məqsədlə 300 milyon, Avstraliya və Kanada isə müvafiq olaraq 25 və 50 milyon dollar maliyyə sərf ediblər.

“ID Quantique” şirkətinin rəhbəri Qrequar Ribordi hesab edir ki, kvant kompüterləri nisbətən geniş yayılmış açıq və bağlı açarlar kimi texniki şifrələmələri uğurla “sındırmağa” nail olanda, məlumatların itkisi daha böyük problemə çevriləcək.

Asimmetrik kriptoqrafiyanın əsasında iki açar dayanır. Biri məlumatları şifrələmək, digəri isə onları açmaq üçün istifadə olunur. Nəzəri kvant kompüterləri adi kompüterlərlə müqayisədə məsələləri daha sürətli həll edə və bağlı açarları deşifrə edə biləcək. Kvant hesablamalarının inkişaf tempini nəzərə alsaq, bu, artıq 5-10 ildən sonra reallığa çevrilə bilər.

Q.Ribordinin sözlərinə görə, kvant kompüterlərin meydana çıxması ilə ənənəvi şifrələmə səmərəliliyini itirəcək. Bu o deməkdir ki, şifrlənmiş növdə ötürülən bütün qiymətli məlumatlar zərər çəkəcək – bank sazişləri və kriptovalyuta da təhlükə altında olacaq. Cinayətkarlar dünyanın istənilən nöqtəsindən kritik əhəmiyyətli energetika obyektlərinə daxil ola biləcəklər.

Ekspert qeyd edib ki, bu problem kibertəhlükəsizlik sahəsində təkcə kəşfiyyat idarələri və ekspertlərə mane olmayacaq, həm də istifadəçi avtorizasiyası üçün açarların istifadə olunduğu WhatsApp kimi sosial platforma və messencerlərdə də problemlər yaradacaq.

Hökumət və şirkətlər artıq məlumatların qorunması istiqamətində ciddi tədbirlər görməlidir. Çünki təxminən 4-5 ildən sonra ənənəvi texnologiyalar kvant texnologiyalardan istifadə ilə həyata keçirilən hücumlara davam gətirə bilməyəcək.

Mənbə: https://azertag.az