Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksi açılıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) biliklər iqtisadiyyatı quruculuğu istiqamətində islahatlarını uğurla davam etdirir. Son illər akademiyada innovasiya fəaliyyətinin səmərəli mexanizm və siyasətinin qurulması üçün dünya təcrübəsi öyrənilib, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması istiqamətində mühüm işlər görülüb. Belə ki, noyabrın 23-də AMEA-nın Yüksək Texnologiyalar Parkında (“YT Park”) “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksi açılıb.

AMEA-nın və Böyük Britaniyanın “Millers Oils LTD” şirkətinin birgə təsis etdiyi kompleksin açılış mərasimində akademiyanın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin “YT Park”ın yaradılması haqqında 2016-cı il 8 noyabr tarixli Sərəncamını xatırladıb. Bildirilib ki, bu sənəd müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin inkişafına, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin qurulmasına xidmət edir. AMEA Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə “YT Park”ın ərazisində müvafiq infrastruktur yaradıb.

Azərbaycan iqtisadiyyatının əsas sektorları üzrə Strateji Yol Xəritələrinin mühüm istiqamətlərindən danışan akademik AMEA-nın kimya məhsulları da daxil olmaqla neft və qaz sənayesinin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın, telekommunikasiya, informasiya texnologiyaları və digər sahələrin inkişafına dair əsas hədəflərini müəyyənləşdirildiyini bildirib. Qeyd edilib ki, hazırda ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır. “Millers Oils Azerbaijan” MMC-nin təsis edilməsi də akademiyanın bu sahədəki fəaliyyətində növbəti addımıdır.

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts ölkələrimiz arasındakı əlaqələrin möhkəm təməl üzərində qurulduğunu deyib. Vurğulanıb ki, iki ölkə arasında əlaqələr 25 ildir uğurla davam edir. Britaniya şirkətləri Azərbaycanda ən fəal investisiya yatırıcılarıdır. “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksində görülən işlərdən məmnunluğunu bildirən səfir şirkətə gələcək fəaliyyətində uğurlar arzulayıb.

“Millers Oils LTD” şirkətinin icraçı direktoru Cemi Rayn təmsil etdiyi qurum haqqında məlumat verib. Bildirib ki, Birləşmiş Krallığın 130 illik tarixə malik nüfuzlu şirkətlərindən olan “Millers Oils LTD” “Millers Oils Azerbaijan” MMC-nin təsisçilərindəndir. Şirkət dünyada tanınan “premium klass” mühərrik yağlarının istehsalı ilə məşğuldur. “Millers Oils Azerbaijan” MMC-nin təsis edilməsində əsas məqsədin dünya standartlarına cavab verən neft məhsullarının istehsalını artırmaq olduğunu deyib. Diqqətə çatdırıb ki, bu sahədə ölkənin tələbatını qarşılamaq, həmçinin Azərbaycan vasitəsilə Şərq, Orta Asiya bazarında istehsal etdikləri mühərrik yağlarını tanıtmaq şirkətin əsas hədəflərindəndir. C.Rayn gələcəkdə AMEA ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb, “YT Park”da rezidentlər üçün yaradılan şəraitdən məmnunluğunu bildirib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev ölkəmizdə iqtisadi quruculuq istiqamətində həyata keçirilən islahatlardan söz açıb, bilik əsaslı iqtisadiyyata keçidin uğurla reallaşdırıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, “YT Park”da “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksinin istifadəyə verilməsi elmi biliklərin istehsalata tətbiqinin, eləcə də ölkəmizin xarici investorlara açıq olmasının parlaq nümunəsidir. Natiqlər şirkətin kollektivini təbrik edib, uğurlar arzulayıblar.

Tədbirdə, həmçinin “Millers Oils LTD”-nin icraçı direktoru C.Rayna AMEA “YT Park”ın rezident şəhadətnaməsi və diplomu təqdim edilib.

Sonda tədbir iştirakçıları “Millers Oils Azerbaijan” MMC-nin istehsalat kompleksində yüksək texnoloji keyfiyyətlərə malik mühərrik yağlarının istehsalı üçün nəzərdə tutulan sahə və ofis kompleksi ilə tanış olublar. “YT Park”ın fəaliyyəti, rezidentləri və onların istehsal edəcəkləri məhsullar haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

 

Faydalı linklər