Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-da elmi jurnalistikanın inkişafı və bu sahədə mövcud problemlər müzakirə edildi


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. AMEA-nın Əsas binasının kiçik akt zalında keçirilən tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub.
Məqsəd elmi jurnalistikanın inkişafı, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsi, elmi-populyar üslubda məqalələrin hazırlanması, elmin KİV-də təbliği sahəsində mövcud problemləri, onların həlli yollarını müzakirə etmək idi.

Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev ötən il AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının elmi jurnalistikanın inkişafı istiqamətində atılmış mühüm addımlardan olduğunu bildirib. Zülfüqar Fərzəliyev bu qərarın akademiyada müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini qeyd edib: “Azərbaycan elminin təbliğində onlar da populyarizator-alimlərlə birgə mühüm rol oynayırlar”.

İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayeva elmin, əldə olunan nailiyyətlərin təbliğində vacib şərtlərdən olan məqalələrin elmi-populyar üslubda hazırlanması sahəsindəki mövcud problemlərdən söz açıb. Ü.Rzayeva bildirib ki, məqaləni elmi-populyar üslubda hazırlamadan onun populyarlaşdırılmasına, geniş oxucu auditoriyası toplamasına nail olmaq mümkün deyil. O, elmi-populyar məqalələrin həm keyfiyyət, həm də kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını da qeyd edib: “İnstitutlarda aparılan tədqiqatlardan, əldə olunan uğurlu nəticələrdən ilk olaraq ictimaiyyətlə əlaqələr şöbələrində çalışan elmi jurnalistlər məlumatlı olur. Bu materialları operativ olaraq hazırlamaq və KİV-də təbliğ etmək başlıca vəzifələrdəndir. Elmi fəaliyyətin, nailiyyətlərin vüsət alması üçün daha yüksək fəallıq nümayiş etdirmək lazımdır”.
Müşavirədə tədbir iştirakçıları çıxışlar edib öz fikir və təkliflərini səsləndiriblər.

Sonra elmin KİV-də təbliği, akademiya institutlarının veb-saytlarının informasiya təminatı və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. AMEA-nın elm.gov.az portalında hər bir institut və təşkilatın veb-səhifəsinin informasiya təminatı üzrə müvafiq tapşırıqlar verilib. Hər ilin birinci rübündə ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri tərəfindən illik hesabatların verilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər