Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik Akif Hacıyev – ŞƏRƏFLİ ALİM ÖMRÜ


AMEA Riyaziyyat və Mexanika İnstitutu

Ömür vəfa etsəydi, bu gün görkəmli riyaziyyatçı alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Akif Hacıyevin 80 yaşı tamam olacaqdı. Təəssüf ki, Azərbaycan riyaziyyat məktəbinin parlaq nümayəndələrindən biri olan Akif Hacıyevin 80 illik yubileyini elm ictimaiyyətimiz, onun həmkarları, tələbələri və ailə üzvləri onsuz keçirməli oldular.

Akif Cəfər oğlu Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli ədəbiyyatşünas-alim, tənqidçi, professor, ictimai-siyasi xadim Cəfər Xəndanın ailəsində dünyaya göz açmışdır. Bu ailədəki zəngin ənənələr, elmi, ziyalı mühiti Akif Hacıyevin gələcək həyat yolunu bir növ əvvəlcədən müəyyənləşdirmişdi.

O, 1955-ci ildə Bakı şəhərindəki 3 nömrəli orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuşdur.

1960-cı ildə universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilmiş və institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. Burada o, görkəmli alim akademik İbrahim İbrahimovun rəhbərliyi ilə ilk elmi araşdırmalara başlayır. Gənc tətqiqatçı 1961-1967-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi katibi vəzəfəsində çalışmışdır.

1964-cü ildə Akif Hacıyev Azərbaycan Dövlət Universitetində “Bəzi operatorlar ailələrinin yaxınlaşma xüsusiyyətləri” mövzusunda yazdığı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. Sovetlər birliyində Funksiyaların konstruktiv nəzəriyyəsinin banilərindən biri hesab olunan akademik Sergey Natanoviç Bernşteynin tələbəsi, dissertasiya üzrə opponent, məşhur riyaziyyatçı Rimarenko dissertasiyada alınan nəticələri yüksək qiymətləndirərək qeyd edirdi ki, işdə tətbiq olunan və xətti operatorlar vasitəsilə qurulan ümumi yaxınlaşma üsulu məşhur Bernşteyn-Roqozinski metodunun uğurlu davamıdır.

Akif Hacıyev1961-ci ildə Tiflisdə akademik Nikolay Musxelişvilinin 70 illiyinə həsr olunmuş beynəlxalq konfransda, həmin il Leninqradda funksiyalar nəzəriyyəsi üzrə keçirilmiş ümumittifaq,1965-ci ildə “Funksiyalar nəzəriyyəsi” üzrə Bakıda keçirilən üçüncü ümumittifaq konfransında, 1972-ci ildə Polşada “Yaxınlaşmalar nəzəriyyəsi” üzrə keçirilən beynəlxalq konfransda, 1975-ci ildə Kaluqada həmin mözuda keçirilən beynəlxalq konfransda, 1976-cı ildə Budapeştdə “Riyazi analiz və yaxınlaşma nəzəriyyəsi” üzrə keçirilən beynəlxalq konfransda, 1980-ci ildə Ufada “Kompleks oblastda yaxınlaşma” üzrə ümumittifaq konfransında, 1990-cı ildə Saratovda “Funksiyalar nəzəriyyəsi” üzrə keçirilən IV qış məktəbində, həmin ildə İspaniyanın Avtonoma universitetində keçirilən beynəlxalq konfransda, 1991-ci ildə Məşhəd şəhərində keçirilən beynəlxalq konfransda, həmin il İtalyanın Bari universitetində keçirilən beynəlxalq konfransda, həmin il İstambulda Türkiyə-Azərbaycan riyaziyyarçılarının konfransında, 1992-ci ildə Bakıda Türliyə-Azərbaycan riyaziyyatçılarının konfransında, 1993-cü ildə Kiprdə keçirilən beynəlxalq konfransda, 1997-ci ildə Türkiyənin Balıkəsir universitetində keçirilən konfransda, 2003-cü ildə Moskvada keçirilən beynəlxalq konfransda, 2006-cı ildə Türkiyənin Qəbzə şəhərindəki universitetdə keçirilən beynəlxalq konfransda, 2007-ci ildə Türkiyənin Sakariya universitetində keçirilmiş Türk Dünyası riyaziyyatçıları simpoziumunda plenar məruzələrlə çıxış edərək, Azərbaycan riyaziyyat məktəbini layiqincə təmsil etmişdir.

Akademik Akif Hacıyev iyirminci əsrin yetmişinci illərində yaxınlaşmalar nəzəriyyəsi sahəsindəki tədqiqatlarını davam etdirərək, sonlu parçada kəsilməz funksiyalara yaxınlaşan xətti müsbət operatorlar ardıcıllığının öyrənilməsində mühüm nəticələr qazanmış, qeyri-məhdud çoxluqlarda təyin olunmuş kəsilməz funksiyalar sinfində Korovkin tipli teoremlər isbat etmiş, vahid dairədə analitik olan funksiyalar fəzasında təyin olunmuş xətti operatorların tədqiqi və həmin operatorların approksimativ xassələrinin araşdırılması istiqamətində mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən ciddi nəticələr əldə etmişdir. Bu illərdə Akif Hacıyevin tədqiqatlarının nəticələri Moskvada nəşr olunan “ДАН СССР”, “Математические заметки” və s. kimi nüfuzlu elmi jurnalllarda dərc olunmuşdur. Onun konstruktiv funksiyalar nəzəriyyəsi sahəsində ikiparametrli sinqulyar inteqrallara dair elmi nəticələri dünya miqyasında bir çox tədqiqatçıların, o cümlədən, məşhur Polşa riyaziyyatçısı Taberskinin və onun tələbəsi Ridzevskinın bu sahədə yeni mühüm nəticələr almasına təkan vermişdir.
Akif Hacıyev çoxdəyişənli tam funksiyalar nəzəriyyəsi sahəsində də ciddi tədqiqatlar aparmışdır. Bu istiqamətdə o əldə etdiyi bir sıra nəticələrlə yanaşı, cüt tərtibdən bircins diferensial polinomlar üçün tam funksiyaların indikatrisası terminlərində Bernşteyn tipli bərabərsizlik isbat etmişdir. Onun bu sahədəki tədqiqatları sonralar tələbələri tərəfindən uğurla davam və inkişaf etdirilmişdir.

Alimin məşğul olduğu mühüm elmi istiqamətlərdən biri də çoxölçülü sinqulyar inteqral operatorlar nəzəriyyəsidir. O, çoxölçülü sinqulyar inteqralın simvolu və xarakteristikasının sfera üzrə əlaqəli diferensial xassələrini öyrənmiş və bu sahədə də böyük marağa səbəb olan ciddi və dəyərli elmi nəticələr almışdır.

Akif Hacıyev sfera üzərində Nikolski-Besov tipli ümumiləşmiş fəzalar qurmuş, bu fəzalar üçün daxilolma teoremləri isbat etmiş, çoxölçülü sinqulyar inteqral operatorların simvollarının hamarlıq xassələri ilə bağlı nəzəriyyə yaratmış və onun Furye multiplikatorları nəzəriyyəsində tətbiqlərini vermişdir.

O, 1982-ci ildə bu gün də dünya miqyasında ən yüksək reytinqli elmi mərkəzlərdən biri hesab olunan SSRİ Elmlər Akademiyasının Steklov adına Riyaziyyat İnstitutunda “Çoxölçülü bürünmə tipli operatorlar nəzəriyyəsi üzrə tədqiqatlar” mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dissertasiya üzrə opponentlər SSRİ EA-nın müxbir üzvü L.D. Kudryavtsev, Özbəkistan EA-nın akademiki Ş.A. Alimov və professor S.Q. Samko, aparıcı təşkilat isə M.V. Lomonosov adına Moskva Dövlət Universiteti olmuşdur. Opponentlərin və aparıcı təşkilatın rəylərində dissertasiyada alınmış elmi nəticələr yüksək dəyərləndirilmiş, işdə sinqulyar inteqral operatorların simvollarının hamarlıq nəzəriyyəsinin qurulduğu və sinqulyar inteqrallar nəzəriyyəsinin yeni qiymətli nəticələrlə zənginləşdirildiyi qeyd edilmişdir. Təsadüfi deyildir ki, Akif Hacıyevin sinqulyar inteqral operatorlar nəzəriyyəsi sahəsində aldığı mühüm nəticələr görkəmli riyaziyyatçılar S.Q. Mixlin və S. Prössdorfun 1986-cı ildə ABŞ-da çap etdirdikləri “Sinqulyar inteqral operatorlar” monaqrafiyasına daxil edilmişdir.
Alim 1982-1989-cu illərdə Furye multiplikatorları sahəsində geniş tədqiqatlar aparmışdır. Həmin illərdə o, ossilyasiya edən multiplikatorlara aid bir çox mühüm nəticələr almış və belə mutiplikatorların Bessel potensialları fəzalarının, eləcə də Hardi fəzalarının multiplikatorları olması üçün dəqiq şərtlər müəyyən etmişdir.
90-cı illərdə Akif Hacıyev potensial tipli inteqralların müxtəlif xassələrinin öyrənilməsi istiqamətində tədqiqatlar apararaq, bir sıra ümumi nəticələrə gəlmiş və Riss potensiallarının kombinasiyalarının kəsilməzlik xassələrinə aid teoremlər isbat etmişdir. Onun bu istiqamətdəki elmi nəticələri bir çox nüfuzlu elmi jurnallarda, o cümlədən Polşada çap olunan “Fuctiones et Approximatio”, eləcə də “İndian Journal of Pure and Applied Mathematics” jurnallarında dərc olunmuşdur.

Akif Hacıyevin ABŞ-da çap olunan “Rocky Mountain Journal of Mathematics” jurnalında 2002-ci ildə dərc etdirdiyi xətti müsbət operatorlar ardıcıllığının statistik yığılmasına həsr olunmuş və mütəxəssislərin rəyinə görə bu sahədə birinci olan elmi məqaləsi, eləcə də onun özünün və bir sıra tələbələrinin bu istiqamətdə apardıqları araşdırmaların nəticələri tədqiqatçıların böyük marağına səbəb olmuşdur. Məhz bu səbəbdəndir ki, son illərdə nüfuzlu elmi jurnallarda dərc olunan bir çox məqalələrdə həmin əsərlərə çox saylı istinadlar vardır.

2002-2012-ci illər ərzində də görkəmli alim fəal elmi yaradıcılığını davam etdirmiş və yeni-yeni dəyərli nəticələr almışdır. Onun müxtəlif funksional fəzalarda sinqulyar inteqral operatorların və potensialların xassələrinin araşdırilması sahəsindəki elmi nəticələri dünyanın bir çox nüfuzlu elmi jurnallarında, o cümlədən “Journal of Mathematical İnequalities”, “Journal of Function Spaces and Applications”, “Journal of Approximation Theory”, “Central European Journal of Mathematics”, “Applied Mathematics and Computation” və s. kimi elmi jurnallarda dərc olunmuşdur.

1978-ci ildə Akif Hacıyev Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda yeni açılmış “Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1985-ci ildə ona SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə riyazi analiz ixtisası üzrə professor elmi adı verilir və o, 1985-1989-cu illərdə Tibilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə regional Müdafiə Şurasının üzvü olmuşdur.

Akif Hacıyev 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir.

O, 1992-1999-cu illərdə elmi-pedaqoji fəaliyyətini Türkiyədə davam etdirir, Ankara Universitetinin professoru vəzifəsində çalışır. 1995-ci ildə həmyerlimizin türkiyəli görkəmli alim H.Hacısalihoğlu ilə birlikdə “Xətti müsbət operatorlar ardıcıllığının yığılması” adlı kitabı çap olunur. Qardaş ölkədə çalışdığı illərdə o, Ankara Universitetinin Riyaziyyat bölməsində “Xətti müsbət operatorlar və yaxınlaşmalar nəzəriyyəsi”, “Harmonik funksiyalar”, “Delta nüvəli inteqral operatorlar”, “Furye çevirmələri” və s. kimi kurslar üzrə mühazirələr oxuyur, çoxlu sayda magistr və fəlsəfə doktorları hazırlayır. Onun tələbələrinin bir çoxu hazırda Türkiyə universitetlərində çalışır və yüksək nüfuz sahibidirlər.

1999-cu ildə Akif Hacıyev Vətənə qayıdır və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri vəzifəsində öz fəaliyyətini davam etdirməyə başlayır. Həmin il o, həmçinin Azərbaycan Milli Aviasiya Akademiyasında da “Riyaziyyat və mexanika” kafedrasının müdiri vəzifəsinə seçilir.

Akif Hacıyev 2001-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilir, Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, 2004-cü ildə isə Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə təyin olunur.

O, 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika üzrə Ekspert Şurasının, 2005-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədri olmuşdur. O, “AMEA-nın Məruzələri”, “AMEA-nın Xəbərləri”, “ADPU-nun Xəbərləri” jurnallarının redaksiya heyətlərinin üzvü, “AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru olmuşdur.

İstedadlı alim və tədqiqatçı Akif Hacıyev 2010-cu ildən ömrünün sonuna qədər Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olmuş və bütövlükdə respublikada riyaziyyat və mexanika elmlərinin inkişafında yüksək ixtisaslı riyaziyyatçı alimlərin hazırlanmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycan Riyaziyyat Cəmiyyətinin xətti ilə nəşr edilən və baş redaktoru olduğu “Azerbaijan Journal of Mathematics” jurnalında bu gün də dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər öz məqalələrini dərc etdirirlər. Həmin jurnal 2015-ci il dekabrın 22-də Thomson Reuters agentliyinin ilkin bazasına daxil edilmişdir.
Uzun illər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akademik Akif Hacıyevin rəhbərliyi ilə “Harmonik analizin müasir problemləri” adlı elmi seminar fəaliyyət göstərmiş və həmin seminarda respublikanın müxtəlif elmi müəssisələrində çalışan riyaziyyatçıların aldıqları elmi nəticələr müzakirə olunmuşdur. Ənənəyə sadiq qalaraq bu gün də həmin seminar öz işini davam etdirir.

Akif Hacıyevin əldə etdiyi nəzəri və tətbiqi əhəmiyyətli nəticələr, onun pedaqoji fəaliyyəti, elm təşkilatçısı kimi əvəzsiz xidmətləri, riyaziyyat elminin inkişaf etdirilməsi, Azərbaycan riyaziyyat elminin dünyada tanıdılması və təbliği sahəsində çoxşaxəli, gərgin və məhsuldar əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2005-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Elmi erudiyası, iti təfəkkürü, istedadı, intellekti ilə seçilən, Azərbaycanda riyaziyyat elminin və təhsilinin inkişafında, onun zənginləşdirilməsində, tədqiqi, təbliği və tədrisində yorulmadan və fədakarlıqla çalışan, qəlbində vətən sevgisi, əməllərində xeyirxahlıq, təmənnasızlıq, fikirlərində aydınlıq, sözlərində səmimiyyət, hərəkətlərində alicənablıq mücəssəməsi olan Akif müəllim özünün fitri istedadı, gərgin zəhməti və əməksevərliyi, işinə və peşəsinə vurğunluğu sayəsində elmin və kamilliyin ən uca zirvəsinə yüksəlmişdi.

Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən yaxınlaşmalar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Funksiyalar nəzəriyyəsi sahəsinin yeni biliklərlə zənginləşməsində həmin tədqiqatların əhəmiyyətli rolu olmuşdur. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdə ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmalara təkan vermişdir.

Azərbaycan milli riyaziyyat məktəbinin yaradıcıları Zahid Xəlilov, Əşrəf Hüseynov və İbrahim İbrahimov kimi məşhur riyaziyyatçıların layiqli davamçısı olan akademik Akif Hacıyev 210-dan çox elmi əsərin və 4 monoqrafiyanın müəllifidir. Akademik Akif Hacıyevin rəhbərliyi ilə Azərbaycanda və Türkiyədə riyaziyyat üzrə onlarla fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır.

Görkəmli riyaziyyatçı alim Akif Hacıyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi kimi məsul vəzifələri yerinə yetirdiyi bir vaxtda, 2015-ci il fevralın 3-də ömrünün 78-ci ilində qəflətən vəfat etdi.

Akademik Akif Hacıyevin elmi irsi, onun tələbələri və həmkarları tərəfindən uğurla davam etdirilir, əziz xatirəsi onu tanıyanlar və Azərbaycan riyaziyyatçıları tərəfindən daim hörmətlə yad edilir.

Misir Mərdanov, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor

 ” Respublika ” qəzeti, 8 dekabr 2017-ci il

Faydalı linklər