Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Əməkdar elm xadimi, akademik Əşrəf Hüseynovun 110 illik yubileyinə həsr edilən tədbir keçirilib


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə  Əməkdar elm xadimi, akademik Əşrəf Hüseynovun 110 illik yubileyinə həsr edilən tədbir keçirilib.

Öncə tədbir iştirakçıları akademik Əşrəf Hüseynovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər.

Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqi ilə açaraq akademik Əşrəf Hüseynovun mənalı ömür yolundan, elmi yaradıcılığından, müasir Azərbaycan riyaziyyat məktəbinin yaradıcılarından biri kimi fəaliyyətindən danışıb.

Akif Əlizadə ölkəmizin tarixində riyaziyyat üzrə üçüncü azərbaycanlı elmlər doktoru dərəcəsi almış akademik Əşrəf Hüseynovun riyaziyyatın “İnteqral tənliklər və onların tətbiqi” istiqamətində görkəmli mütəxəssis kimi tanındığını bildirib. Alimin əldə etdiyi fundamental nəticələrin inteqral tənliklər nəzəriyyəsində dönüş yaratdığını deyən AMEA rəhbəri bu istiqamətdəki tədqiqatlar sayəsində Azərbaycanda beynəlxalq miqyasda qəbul olunan qeyri-xətti sinqulyar inteqral tənliklər məktəbinin yarandığını diqqətə çatdırıb.

Sonra tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə riyaziyyat elminin inkişafında, bu sahə üzrə kadrların yetişdirilməsində Əşrəf Hüseynovun əvəzsiz xidmətlərindən danışıb. Onun Azərbaycanda ilk riyaziyyatçı alimlərdən olduğunu deyən F.Qurbanov diqqətə çatdırıb ki, Əşrəf Hüseynovun rəhbərliyi ilə 30-dan çox fəlsəfə və elmlər doktorluq dissertasiyası müdafiə olunub.

Tədbirdə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovun “Akademik Əşrəf Hüseynovun elmi irsinin aktuallığı” mövzusunda məruzəsi dinlənilib.

İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev “Akademik Əşrəf Hüseynov Azərbaycanda kibernetika elmi məktəbinin yaradıcısıdır” mövzulu məruzəylə çıxış edib.

Daha sonra tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanov “Akademik Əşrəf Hüseynovun elmi-təşkilati fəaliyyəti” haqqında məruzə edib.

Professor Misir Mərdanov Akademik Əşrəf Hüseynovun Azərbaycanda Riyaziyyatçı elmi kadrların hazırlanmasında əməyini  xüsusi vurğulayıb. Qeyd edib ki, Əşrəf Hüseynov, hələ universitetin fizika-riyaziyyat fakültəsinin dekanı olarkən istedadlı gənclərin SSRİ-nin paytaxtı Moskva şəhərində aspiranturada təhsil almaları üçün əlindən gələni əsirgəmir, onları özü ilə Moskvaya aparır, yataqxanada yerləşdirir, gələcək rəhbərləri ilə görüşdürür və öz tövsiyələrini verirdi. Təsadüfi deyil ki, o zaman Moskvada aspiranturada oxuyan Azərbaycanlılar ona “ATA” deyə müraciət edirdilər. Bu bir həqiqətdir ki, sonralar Azərbaycan elmində öz sözlərini demiş Abdulla Muxtarov, Bürhan Kərimov, Məcid Hüseynzadə, Hacıbəy Sultanov, Qoşqar Əhmədov, Teymur Eminzadə, Yühənnəs Seyidov, Qurban Cəlilov, Cəlal Allahverdiyev, Hacı Rəhimov, Kamal Şirinov, Vahab Ələkbərov, Qafar Əfəndiyev, Hacı Qulubəyov, Əlicavad Vahabov, Cahangir Qəhrəmanov və başqaları məhz Əşrəf Hüseynovun təşəbbüsü ilə Moskvada aspiranturada oxumuş, elmin zirvələrinə yüksələ bilmişdilər.

Misir Mərdanov bildirib ki, Azərbaycanda Riyaziyyat elminin banisi olmuş bu böyük insanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq və onun mənalı həyatı gələcək nəsillərə nümunə olacaqdır.

Yubiley tədbirində həmçinin Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, akademik Məhəmməd Mehdiyev, Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyev, BDU-nun Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, professor Əli Əhmədov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov alimlə bağlı xatirələrini bölüşublər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər