Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “525-ci qəzet”-də “Heydər Əliyevin həyat dərsləri” adlı məqaləsinin I hissəsi çap olunub


AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov: “Hər insan tarixin zərrəsidir. Birisi haqqında xatirələrini vərəqlədikcə, nələrisə yada salıb ayrı-ayrı epizodları qələmə aldıqca, həmin şəxslə birgə onun yaşadığı dövrün ictimai mənzərəsini də canlandırmalı olursan. Bu xatirələrin tarixə nə qədər nüfuz edə bilməsi, gələcək nəsillər üçün hansı əhəmiyyəti daşıması isə şəxsiyyətin əhatəsindən, miqyasından asılıdır.

Elə adam var ki, onunla bağlı xatırladıqların, az sayda insan üçün maraq doğurar. Eləsi də var ki, hansısa xatirədə mühüm bir tarixi hadisənin əsas simalarından biri kimi görünür.

Amma elə insanlar da var, ömrü başdan-ayağa tarixdir. Xalqın tarixinin mühüm bir hissəsi məhz bu ömrün işığında yazılıb. Ona görə bu ömürdən xatırlanan, qələmə alınan hər bir an tarix işığının daha gur yanmasına, gələcək nəsillər üçün bu ömürdən öyrənilməli zəngin bir məxəzin formalaşmasına xidmət edir.

Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyev də ömrü böyük bir xalqın, dövlətin tarixinə çevrilmiş məhz belə şəxsiyyətlərdən idi. Milli dövlətçilik tariximizin iki mürəkkəb dövründə respublikaya rəhbərlik edən, ölkənin sosial-iqtisadi yüksəlişinə nail olan, Azərbaycanın gerçək müstəqilliyini təmin edən, Vətənin hər abadlıq nişanəsində nəcib izləri nəzərə çarpan bu böyük şəxsiyyət haqqında bütün müasirlərinin hansısa xatirələri var. Ulu öndərlə eyni zamanı paylaşmaq, belə dahi şəxsiyyəti həyatda görmək bu nəslin insanlarının payına düşmüş xoş bir qismətdir. Mənsə öz nəslimin o nümayəndələrindənəm ki, ümummilli liderin hökumət komandasının üzvü kimi onunla birbaşa ünsiyyət imkanlarım olub. Ulu öndərin etimadını qazanmışam, bu böyük dövlət adamının tapşırıqlarını yerinə yetirmişəm, onun şəxsiyyətinin əzəmətini, möhtəşəmliyini dərk etmişəm. Onunla çalışmaq böyük həyat məktəbi idi. Heydər Əliyevin hər kəlməsi, hər davranışı insan üçün mükəmməllik nümunəsi yaradırdı.

Yaddaşımda Onunla bağlı çox xatirələrim var. Düşünürəm ki, bu xatirələri qələmə almalıyam. Çünki onlar təkcə bir şəxsin ömür anları deyil, ümumilikdə, xalqın tarixinin ən dəyərli, işıqlı, parlaq səhifələridir”.

Məqaləni oxumaq üçün linkə keçid edin:

https://525.az/site/?name=xeber&news_id=91179#gsc.tab=0

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər