Nadir  Süleymanovu 85 illik yubileyi münasibətilə təbrik edirik!

Süleymanov Nadir Məmməd oğlu 15 dekabr 1932-ci ildə Ucar rayonunda Rəstəcə kəndində anadan olmuşdur. O, 1951-ci ildə 1 nömrəli Ucar şəhər orta məktəbini bitirmiş və 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinin riyaziyyat şöbəsinə daxil olmuş, 1956-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1959-1962-ci illərdə Moskva Dövlət Universitetinin aspirantı (elmi rəhbəri: dünyada məşhur alim Qeorqiy Yevgenyeviç Şilov), 1975-1977-ci illərdə doktorantı olmuşdur.

1964-cü ildə “Diferensial operator tənliklər üçün yarımfəzada korrekt sərhəd məsələləri (01.01.02)” mövzusunda namizədlik, 1982-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində “Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri (01.01.02)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1960-1965-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunda elmi işçi, 1965-1970-ci illərdə isə baş elmi işçi vəzifəsində çalışmışdır.

1970-1984-cü illərdə BDU-nun Mexanika Riyaziyyat fakültəsinin funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının dosenti, 1984-1990-cı illərdə professoru, 1990-2000-ci illərdə Ehtiman nəzəriyyəsi kafedrasının müdiri, 2012-ci ildən 2015-cı ilə kimi BDU-nun funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında professor-məsləhətçi vəzifəsində işləmişdir.

Qeyd edək ki, professor Nadir  Süleymanov 2013-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

2009-cu ildə ölkə prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

2012-ci ildə Moskva Dövlət Universitetinin nəşriyyatında onun “Ehtimal, tam funksiya və evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası çap olunmuşdur.

Xüsusi törəməli diferensial tənliklər, funksional analiz və ehtimal nəzəriyyəsi sahələri üzrə mütəxəssisdir. 80-dən çox elmi məqalənin, 2 monoqrafiyanın və bir kitabın müəllifidir.

AMEA Riyaziyyat və Mexanika İnstitutun kollektivi Nadir müəllimi anadan olmasının 85 illiyi münasibətilə təbrik edir, ona can sağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.