İnstitutumuzun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, profesor  Bilal Bilalovun 55 yaşı tamam olur

bilal_bilalov

Bu gün görkəmli riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, profesor  Bilal Telman oğlu Bilalovun 55 yaşı tamam olur.

Bilal Telman oğlu Bilalov 02 yanvar 1963-cü ildə Azərbaycan Respublikası Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1986-cı ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) tətbiqi riyaziyyat fakültəsini bitirmiş, 1986-1989-cu illərdə MDU-nun əyani aspirant olmuş, 1989-cu ildə akademik Y.İ.Moiseyevin rəhbərliyi ilə “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda MDU-da namizədlik dissertasiyasını müdafiə etmişdir.

O, 1990-1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent işləmişdir. 1993-1996-cı illərdə MDU-da əyani doktorant olmuş və 1996-cı ildə orada “Üstlü sistemlərin bazislik xassələri və onların ümumiləşmələri” mövzusunda fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi, 2001-ci ildən indiyə kimi “Qeyri-harmonik analiz” şöbəsinin müdiridir.

Professor Bilal Bilalov 2009-cu ildən riyazi analiz ixtisası üzrə professor, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

AMEA-nın müxbir üzvü, professor Bilal Bilalovun əsas elmi fəaliyyət sahələri: approksimasiya nəzəriyyəsi; bazis nəzəriyyəsi; freym nəzəriyyəsi; wavelet analiz; operatorların spektral nəzəriyyəsi; analitik funksiyalar üçün sərhəd məsələsi; fazzi nəzəriyyəsi; tanınmanın riyazi metodlarıdır. Bu istiqamətlər üzrə alim tərəfindən bir çox mühüm nəticələr alınıb.

Professor Bilalov 190-dan çox elmi işlərin və üç monoqrafiyanın müəllifidir. O, 15 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru hazırlamış, elmi məsləhətçisi olduğu 3 tələbəsinin elmlər doktoru dissertasiyaları Ali Attestasiya Komissiyasına təqdim edilmişdir.

Bilal Bilalov həmçinin Thomson Reuters agentliyinin Emerging Sources Citation İndex (ESCI) kataloquna daxil olan “Azerbaijan Journal of Mathematics” jurnalının baş redaktorudur.

Elmi nailiyyətlərinə görə o, 2013-cü ildə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub.

Alim Azərbaycan Riyaziyyat Cəmiyyətinin İdarə Heyətinin, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəyçisidir.

AMEA Riyaziyyat və Mexanika İnstitutun kollektivi Bilal müəllimi 55 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.