Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

XV əsrdə Azərbaycanda məktəb və mədrəsələrin, kitabxanaların sayının artmasında kimin rolu olub?


-XV əsrdə Azərbaycanda məktəb və mədrəsələrin, kitabxanaların artması başlıca səbəbi Şah İsmayıl Xətainin maarifpərvər dövlət başçısı olması idi. Onun dövründə yeni məktəb və mədrəsələrin açılması ilə yanaşı, həm də klassik əsərlər toplandı, xəttatlar hazırlandı, nadir kitabların üzü köçürüldü və bu kitablara çoxlu miniatürlər çəkildi. Şah İsmayılın Azərbaycanda yaratdığı rəssamlıq məktəbi Seyid Əhməd Behzat, Ağa Mirək Təbrizi, Əli Nəqqaş kimi məşhur rəssamlar yetirdi. O dövrdə musiqi sahəsində də böyük nailiyyətlər əldə edildi. Şah İsmayıl Xətai həm öz hökmdarlıq fəaliyyətində, həm də yaradıcılığında elmə, təhsilə, biliyə yüksək qiymət verirdi. Xətai gərgin əmək, ardıcıl və sistemli təlim əsasında qazanılan biliyi insanın əti-qanı, ikinci ürəyi, canı hesab edir, elm və biliyin həqiqi candan daha dəyərli olduğunu göstərirdi:

Ürfan məclisində ürfan almışam,

Ləli-bədəxşandan mərcan almışam,

Min canı veribən bir can almışam,

Ol canı saxlaram candan irəli.

Xətai türk (Azərbaycan) dilinə böyük əhəmiyyət verməsi onu dövlət dili səviyyəsinə qaldırması faktı ehtimal etməyə əsas verir ki, Xətai o dövrdə məktəb və mədrəsələrdə də təlimin ana dilində aparılmasını lazım bilmişdi.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər