Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Molla Pənah Vaqif (1717-1797) kim idi?


– Molla Pənah Vaqif (1717-1797) kim idi?

-Lap gənc yaşlarından məktəbdarlıqla məşğul olduğundan, xalq arasında Molla Pənah adı ilə tanınmışdır. Vaqif ilk təhsilini dövrünün tanınmış ziyalısı Şəfi Əfəndidən almışdır. Şəfi Əfəndi həm də şair idi.

Deyilənlərə görə, Molla Pənah Vaqif Qarabağa gəlməmişdən öncə Gəncəyə gəlmiş, bir müddət burada Şah Abbas məscidinin hücrələrinin birində məktəbdarlıqla məşğul olmuşdur.

Molla Pənah Vaqif 1759-cu ildə Qarabağa gəlmişdir. O, bir müddət indiki Füzuli rayonunun Veysəlli kəndində yaşamış, burada müəllimlik etmişdir. Daha sonra o, Şuşanın Saatlı məhəlləsinə köçmüş və burada məktəb açıb müəllimlik etmişdir.

Molla Pənah Vaqif həyatı dərk edən bir müəllim kimi zəmanəsinin acınacaqlı vəziyyətini, xalqın maddi və mənəvi sıxıntılar keçirdiyini, sadəcə müşahidə etmiş, şüurları oyatmağa, ağır həyat tərzini aradan qaldırmaq üçün xalqı hərəkətə gətirməyə çalışmış, böyüyən nəslin elm, kamal sahibi olmasını arzulamışdır.

O, müəllim işlədiyi vaxt ədəbi yaradıcılıqlada məşğul olmuş şeirləri xalq tərəfindən sevilərək dildən-dilə düşmüşdür. O, həmin dövrdə xalq şeir üslubunda gözəl sənət nümunələri yaratmış və Azərbaycan ədəbiyyatı tarixində öz ədəbi izini qoymuşdur.

Molla Pənah Vaqif Qarabağ xanının vəziri olmuş, xanlığın xarici və daxili siyasətində mühüm rol oynamışdır. Şairin Şuşa qalasının abadlaşdırılmasında, təmir işlərində də xidmətləri olmuşdur.

Xalq Molla Pənah Vaqifi gözəl şeirlərinə, biliyinə, ağıl və fərasətinə görə sevir və onu çox yüksək mərtəbədə görürdü. Onun haqqında “Hər oxuyan Molla Pənah olmaz” məsəli də təsadüfən yaranmamışdır.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər