Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Unudulmaz görkəmli alim


Riyaziyyat və Mexanika İnstitutu

Düz bir il öncə 19 yanvar 2017-ci il tarixində Azərbaycanın tanınmış riyaziyyatçısı, Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Cəlal Eyvaz oğlu Allahverdiyev 87 yaşında vəfat etmişdir.

Allahverdiyev Cəlal Eyvaz oğlu 17 sentyabr 1929-cu ildə Şuşa şəhərində anadan olmuşdur.
1951-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1957-ci ildə fəlsəfə doktoru, 1968-ci ildə elmlər doktoru elmi dərəcələrini, 1969-cu ildə professor elmi adını almış, 1972-ci ildə AEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Professor Cəlal Eyvaz oğlu Allahverdiyev Banax və Hilbert fəzalarında spektral parametrdən rasional asılı olan operatorlar üçün məxsusi və qoşma elementlər sisteminin tamlığı, bazisliyi haqqında yeni tip teoremlər isbat etmiş, operatorlarin qapana bilməsi, məhdudluğu, tamam kəsilməz olması üçün (multiplikator terminləri ilə) zəruri və kafi şərtlər tapmış, operatorların məxsusi ədədlərinin təqribi hesablanmasına aid mühüm nəticələr almışdır.
O, Azərbaycanda ilk dəfə stoxastik sistemlərdə idarəetmə, optimal idarəetmə sahəsində işlərə başlamışdır. Həmmüəlliflə səsvermə qurğusunun ideyasının nəzəri əsasını vermiş və müəlliflik şəhadətnaməsi almışdır.
Kompüterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində mühüm elmi nəticələr almış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmini vermişdir. Onun ən məşhur elmi nəticəsi Allahverdiyev teoremi adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınmışdır. Professor Cəlal Allahverdiyevin elmi rəhbərliyi ilə 6 elmlər doktoru, 40-dan artıq fəlsəfə doktoru hazırlanmışdır. O, 130-dan çox elmi əsərin müəllifi idi.
Akademik elmdə əldə etdiyi nailiyyətlərə görə 1972-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına, 1981-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Riyaziyyat və Mexanika İnstitutunun kollektivi professor Cəlal Allahverdiyevin vəfatından kədərlənir , ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir.
Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

 

Faydalı linklər