Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Mirzə Şəfi Vazeh (1794-1852) kimdir?


– Mirzə Şəfi Vazeh (1794-1852) kimdir?

– O, mədrəsədə oxumuş, lakin dini ehkamlara mənfi münasibətinə görə oradan çıxarılmışdı. Bir müddət Gəncədə xəttatlıq etmişdi. O, M.F. Axundova hüsnxət öyrətmişdi. Gənc Fətəlini ruhani olmaq fikirindən Mirzə Şəfi Vazeh daşındırmışdı.

Vazeh 1840-cı ildə Tiflisə köçmüş, qəza məktəbində Azərbaycan və fars dillərindən dərs demişdir. 1848-ci ildə Gəncəyə qayıdaraq, qəza məktəbində müəllimlik etmiş, 1850-ci ildə yenidən Tiflisə getmiş, gimnaziyada Azərbaycan və fars dillərini tədris etmişdi.

Mirzə Şəfi Gəncədə “Divani-hikmət” adlı ədəbi-fəlsəfi məclis təsis etmişdi. Yaşayış yerini tez-tez dəyişməsi məclisin fəaliyyət dairəsini daha da genişləndirmişdi. Məclis Tiflisdə də fəaliyyət göstərirdi. Bu məclisdə Abasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə və digər Azərbaycan ziyalıları iştirak edirdilər. Məclis toplantılarının birində Mirzə Şəfi Vazeh Qafqaza gəlmiş alman şərqşünas Badenştedt ondan fars dili dərsləri almaq arzusunda olduğunu bildirmiş və beləliklə, Mirzə Şəfi Vazehin şagirdi olmuşdu. Sonralar F.Badenştedt Mirzə Şəfi Vazehin əsərlərini alman dilinə çevirərək Berlində “Mirzə Şəfi nəğmələri” (“DiC Lider des Mirza Sehaffy”, Berlin, 1851) və “Mirzə Şəfi irsindən” (“Aus dem Nach-lasse Mirza Sehaffy’s”, Berlin, 1875) adı ilə nəşr etdirmişdi.

Mirzə Şəfi Vazehin maarif sahəsindəki xidmətləri qəza məktəbində, gimnaziyada müəllimlik etməklə məhdudlaşmırdı.

Dərs vəsaitlərinin hazırlanması sahəsində də onun mühüm xidməti olmuşdur. 1852-ci ildə o, Tiflis gimnaziyasının Şərq dilləri müəllimi İ. Qriqoryevlə birlikdə Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişdi. “Kitabi-türk” adlanan həmin vəsaitdən gimnaziya və qəza məktəbində Azərbaycan dilini öyrənmək üçün uzun müddət istifadə olunmuşdu. Mirzə Şəfi Vazeh 1852-ci ildə Tiflisdə vəfat etmiş və orada dəfn edilmişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər