Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun “525-ci qəzet”-də “Təhsilimizin nurlu siması” adlı məqaləsi çap olunub


AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov:  “Bu ilin yanvar ayının 5-də tanınmış ictimai xadim, Azərbaycan maarifinə 20 ildən çox yüksək bacarıq və böyük fədakarlıqla rəhbərlik etmiş, pedaqogika elminin görkəmli nümayəndəsi, SSRİ Pedaqoji Elmlər Akademiyasının təsisçilərindən biri, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadənin anadan olmasının 115 illiyi tamam oldu.
Bu böyük şəxsiyyətin həyatı və xalq maarifi yolunda gördüyü tarixi işlərlə geniş ictimaiyyəti tanış etməyi özümə borc hesab etdim.

Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuşdur. Daşkəsən kəndi Cəbrayıl qəzasının böyük kəndlərindən biri idi. Həmin dövrdə kənddə dini təhsillilərlə yanaşı, dünyəvi təhsil alanlar da var idi. Atası Məmməd kişi də başqaları kimi oğlunu savadlı görmək istəyirdi. Onun arzusu oğlunun təhsil alması və doğma kəndlərində müəllim olması idi. 1914-cü ildə Azərbaycanın bir çox kəndlərində olduğu kimi, Daşkəsən kəndində də təlim rus dilində aparılan ibtidai məktəb açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur. 1920-ci ildə o, doğma kəndlərində qiraət komasının müdiri kimi müxtəlif mədəni tədbirlərdə iştirak etməyə başlayır. Lakin onun arzusu müəllim olmaq, millətinin balalarına dərs demək, bilik öyrətmək idi. Bu zaman rayon mərkəzində altı aylıq pedaqoji kursların açılması onun arzusunu yerinə yetirməyə imkan yaradır. Gənc Mehdi böyük həvəslə həmin pedaqoji kursda oxuyur və oranı bitirdikdən sonra doğma kəndində müəllimliyə başlayır. Yeri gəlmişkən qeyd edək ki, Mehdi müəllim 1921-ci ilin oktyabr ayını – müəllim olmaq arzusuna çatdığı ayı – sonrakı bütün uğurlu pedaqoji fəaliyyətinin təməli hesab edərək həmişə sevinc hissi ilə xatırlayardı. O zamandan başlayaraq, Mehdi Mehdizadə ömrünü sonsuz məhəbbətlə sevdiyi müəllimlik işinə həsr edir. Az sonra müdir olduğu birinci dərəcəli məktəbdə təlim-tərbiyə işini yüksək səviyyəyə qaldırır, kəndli balalarını sevə-sevə, əzizləyə-əzizləyə məktəbə cəlb edir, onlar üçün dəftər-kitab tapıb gətirir, kövrək, kiçik ürəklərə əsl müəllim ürəyinin sonsuz məhəbbətindən pay verir. Həm öyrədir, həm də öyrənir, özünütəhsillə ciddi məşğul olur, biliyini artırır. 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının inspektoru, görkəmli maarif xadimi, Qori Müəllimlər Seminariyasının (1906) və Tiflis Müəllimlər İnstitutunun (1907) məzunu Cavad Nəcəf oğlu Cuvarlı (1886-1963) Mehdi Mehdizadənin müdir olduğu məktəbdə yoxlama aparır və bu uğurların şahidi olur. Yüksək tədris nəticəsinə görə gənc müəllim Mehdini mükafatlandırırlar. Bu uğurların qazanılmasında atası Məmməd kişi ilə yanaşı, anası Tamaşa xanımın da böyük zəhmətləri olmuşdur.

İlk uğurdan ruhlanan, müəyyən pedaqoji təcrübəyə və nəzəri hazırlığa yiyələnən Mehdidə yeni arzu – tam pedaqoji təhsil almaq arzusu oyanır. 1923-cü ilin mayında Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa yeddi müəllim göndərilir, onlardan biri də Mehdi Mehdizadə idi. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra, o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə institutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir.

Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasında orta təhsil verən məktəbdə pedaqoji işini davam etdirir. Həmin dövrdə o, yalnız tədris-metodiki işlərlə deyil, eyni zamanda, ümumpedaqoji problemlərlə də maraqlanırdı. Buna görə də qəza metodbürosunun sədrliyini də rəsmi olaraq ona tapşırırlar. O, qəza metodik mərkəzinə böyük həvəs və məharətlə rəhbərlik edir, ibtidai məktəblərin yeni proqramları, təlim metodları, məktəbin həyatla əlaqəsi və dövrün digər aktual problemləri haqqında göstərişləri ilə qəza müəllimlərinin işinə metodik yardım göstərir. Həmin illərdə qəzada olduğu kimi, Respublika Xalq Maarif Komissarlığında da Mehdi müəllimin pedaqoji və ictimai fəaliyyəti yüksək qiymətləndirilir.

1930-cu ilin martında onu Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq Maarif Komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin edirlər. O, bu vəzifədə cəmi bir il çalışdıqdan sonra, 1931-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı nəzdində təzəcə təşkil edilmiş aspiranturaya pedaqogika ixtisası üzrə qəbul edilir. 1932-ci ildə isə yeni yaradılmış Azərbaycan Dövlət Elmi Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına köçürülür. 1932-ci ilin sentyabrından ADPİ-nun pedaqogika kafedrasında müəllim kimi fəaliyyətə başlayır. Zaman keçdikcə elmi-pedaqoji fəaliyyətini, ictimai işlərdəki fəallığını artırır, eyni zamanda, ADPİ-də pedaqogikadan mühazirələr oxuyur, pedaqogika tarixi və müasir təlim-tərbiyə məsələləri ilə bağlı dövrü mətbuatda çıxış edir…”

Məqalənin tam versiyasını oxumaq üçün linkə keçid edin:

https://525.az/site/?name=xeber&duzelis=0&news_id=93547#gsc.tab=0

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər