Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Məhəmməd ağa Şahtaxtlı kimdir?


– Məhəmməd ağa Şahtaxtlı (1846-1931) kimdir?

Əlifba islahatı sahəsində Mirzə Fətəli Axundovun məsləkdaşlarından Biridir. O, Şərqdə əlifba islahatı tarixində ilk kitabı – “Təkmilləşmiş müsəlman əlifbeyi”ni 1879-cu ildə Tiflisdə nəşr etdirmişdi.

Şaxtaxtlı (Şaxtaxinski) Məhəmməd ağa Məhəmməd Tağı Sultan oğlu Naxçıvanın Şaxtaxtı kəndində anadan olmuşdur. Naxçıvan şəhər məktəbini və Tiflis klassik kişi gimnaziyasını (1863) bitirdikdən sonra, Peterburqda müstəqil yolla alman dilini öyrənmişdir. Leypsiq universitetinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirmişdir (1869). 1873-1875-ci illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləmiş, fransız dilini öyrənmişdir. Azərbaycan, rus, alman, fransız, ingilis, ərəb, türk və fars dillərində ədəbi, elmi əsərlər yazmışdır.

1907-ci ildə İrəvan quberniyasından II Dövlət Dumasına deputat seçilmiş, duma bağlandıqdan sonra “Rossiya” (Peterburq) qəzeti redaksiyasında işləmişdir. 1908-1918-ci illərdə, əsasən, xaricdə (xüsusilə Türkiyə, İran və İraqda) yaşamışdır. 1919-cu ildə vətənə qayıtmış, Bakı Universitetinin yaradılmasında fəal iştirak etmişdir.

Məhəmməd ağa Şaxtaxtlı öz dövrünün geniş dünya görüşünə və yüksək intellektə malik görkəmli şəxsiyyətlərindən biri olmuşdur. Elmi fəaliyyətə Almaniyada Şərq tarixinə dair tədqiqatları ilə başlamış, Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin (1903) həqiqi üzvü seçilmiş, Bakı Universitetinin professoru (1920) olmuşdur.

Azərbaycan mətbuatının inkişafında da onun müstəsna xidmətləri vardır. O, bir müddət “Moskovskiye vedomosti” qəzetinin əməkdaşı və İstanbulda xüsusi müxbiri işləmiş, 1891-1893-cü illərdə “Kaspi” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1898-ci ildə Azərbaycan dilində “Tiflis” adlı qəzet çıxarmağa çalışmış, lakin çar senzurası buna icazə verməmişdir. O, yenidən Avropaya getmiş, 1902-ci ildə Parisdə yaşamışdır. Fransa kollecində və Ali təcrübə təhsil məktəbində Şərq dillərindən dərs demişdir. Sorbonna universitetində professor P.Passinin rəhbərliyi ilə fonetika sahəsində tədqiqat aparmış, Fransa Maarif Nazirliyinin fəxri diplomunu (1901) almışdır. 1902-ci ildə o, Tiflisdə mətbəə açmışdır. Bu, Azərbaycanın mətbuat tarixində silinməz iz qoymuş “Qeyrət” mətbəəsi idi. 1903-cü ildən o, “Şərqi-Rus” qəzetinin nəşrinə başlamışdır. Azərbaycan Xalq Cumhuriyyəti dövründə vətənə qayıtmış Bakı Universitetində Şərq dilləri və ədəbiyyatından mühazirələr oxumuşdur.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər