Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyasında 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib


Fevralın 14-də AMEA-nın Əsas binasında Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov respublikamızda elm sahəsində aparılan islahatlardan danışıb, Prezident İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Natiq vurğulayıb ki, ölkə başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Bünyadov elm adamlarının qarşıdakı Prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.

Akademiyanın Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Dövlətimizin başçısının cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə dair müvafiq Sərəncamını xatırladan alim bununla Prezident İlham Əliyevin Şərqin ilk demokratik respublikası olan Azərbaycanın tarixi köklərinə sahib çıxdığını vurğulayıb. K.Bünyadzadə qeyd edib ki, respublikamızın dünya ölkələri arasında layiqli yer tutması Prezident İlham Əliyevin xalqımız və dövlətimiz naminə reallaşdırılan məqsədyönlü siyasətinin, düşünülmüş inkişaf proqramının məntiqli nəticəsidir. AMEA-nın müxbir üzvü hər kəsi qarşıdakı prezident seçkilərində ölkəmizə böyük uğurlar qazandırmış İlham Əliyevə səs verməyə çağırıb. O deyib: “İlham Əliyevə səs vermək Azərbaycanın yalnız bu gününə, sabahına deyil, keçmişinə, tarixinə sahib olmağa səs verməkdir. İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli şərait yaradılıb, kreativ düşüncəli, eyni zamanda, milli dəyərlərimizə sadiq gənc alimlər nəsli formalaşıb. Dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların, həyata keçirilən proqramların gənc alim və mütəxəssislərin inkişafında, xüsusilə onların timsalında Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rolu olub. Şura sədri vurğulayıb ki, gənclər üçün Prezident mükafatının təsis olunması, xüsusi istedad və bacarıqları ilə seçilən gənclərə “İlin gənc alimi” mükafatının verilməsi elmlə məşğul olan gəncləri yeni-yeni nailiyyətlərə təşviq edir. Gənc alim və mütəxəssislərin dövlətimizin başçısına daim güvəndiyini söyləyən F.Salmanov AMEA-da çalışan gənc alimləri, eləcə də hər bir Azərbaycan gəncini Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev isə akademik elmin inkişaf etdirilməsində dövlətimizin başçısının misilsiz xidmətlərindən danışıb. “Prezident İlham Əliyevin AMEA-nın 60 və 70 illik yubileyləri münasibətilə imzaladığı sərəncamlar, 70 illik yubiley tədbirində dərin məzmunlu və proqram xarakterli çıxışı akademik elmin tarixində yeni era açıb. Hörmətli Prezidentimizin perspektiv vəzifələr sırasında humanitar və ictimai elmlərə məxsusi diqqəti sahə alimlərini daha da ruhlandırır”, – deyə T.Mustafayev bildirib. O vurğulayıb ki, bədii ədəbiyyata və yazarlara, ədəbiyyatşünaslıq elminə dövlət qayğısı ölkəmizdə sözün qüdrətini daha da artırıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Yazıçılar Birliyinin, “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan” jurnalının, eləcə də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun yubileylərinin dövlət səviyyəsində qeyd olunması respublikamızda digər sahələrlə yanaşı, ədəbiyyata da göstərilən diqqətin bariz təzahürüdür. T.Mustafayev qeyd edib ki, qarşıdakı prezident seçkilərində Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının gələcək inkişafı naminə İlham Əliyevi dəstəkləyəcək.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev deyib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə formalaşan bilik əsaslı cəmiyyət və iqtisadiyyat Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə uğurla inkişaf etdirilib. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə informasiya texnologiyaları müasir və çoxşaxəli infrastrukturun, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsinə çevrilib. Ə.Əliyev ölkədə yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və AMEA Yüksək Texnologiyalar Parkının yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, AMEA-da informasiya texnologiyalarından istifadə inkişafın əsas perspektivlərindən biri kimi qəbul edilib, “Elektron elm” proqramının həyata keçirilməsi təmin olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkının elmi mühitin simasını dəyişdirdiyini, Azərbaycanda müasir cəmiyyət quruculuğu istiqamətində qazanılmış mühüm nailiyyət olduğunu qeyd edib. O, İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından İlham Əliyevin siyasətini dəstəklədiklərini, növbəti prezident seçkilərində yekdilliklə ona səs verəcəklərini bildirib.

Sonra AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ekoloji kataliz laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Arif Əfəndiyev, Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Yüksək Texnologiyalar Parkının insan resursları və ümumi şöbəsinin müdiri Oqtay Eldarov və Botanika İnstitutunun ibtidai bitkilərin sistematikası şöbəsinin müdiri, professor Dilzarə Ağayeva da çıxış edərək dövlətimizin başçısının xalqımıza və dövlətimizə verdiyi töhfələrdən danışıb, qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin bəyanatını səsləndirib.

XXX

Azərbaycan Respublikasına Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin Bəyanatı

Hörmətli elm xadimləri və tədqiqatçı həmkarlarımız!

Gənc elmi nəslin hörmətli nümayəndələri!

Hamımıza yaxşı məlum olduğu kimi, Azərbaycan Respublikası dövlət müstəqilliyi yollarında məsuliyyətli və şərəfli yol keçmiş, böyük nailiyyətlərə imza atmışdır. Ölkəmiz dünyada böyük nüfuz sahibi kimi qəbul olunur. İndi səsimiz Birləşmiş Millətlər Təşkilatının uca kürsüləri səviyyəsinə yüksəlmiş, tərəqqimiz kosmos ölkəsi miqyasına çatmışdır. Möhtəşəm neft-qaz və beynəlxalq nəqliyyat magistralları Azərbaycanı nəhəng addımlarla irəli aparmışdır. Milli ziyalılıq, elm və təhsil böyük sürətlə inkişaf etmiş, Azərbaycan Milli Elmlər Akademiyasında əsaslı islahatlar həyata keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində əbədilik qazanmışdır.

Bu məqsədyönlü və uzaqgörən dövlət siyasəti ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən ardıcıllıqla və yaradıcılıqla davam etdirilməkdə və xalqımıza daha böyük uğurlar qazandırmaqdadır.

XXI əsrdə müasir Azərbaycanın bütün sahələr üzrə tərəqqisində, sosial yönümlü güclü dövlətə çevrilməsində Prezident İlham Əliyevin strateji baxışlara söykənən modern inkişaf xətti mühüm əhəmiyyətə malikdir. Bu isə dövlət rəhbərimizin balanslaşdırılmış müstəqil xarici siyasət xəttinə və optimallaşdırılmış düşünülmüş daxili siyasətə əsaslanır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Milli İnkişaf Strategiyası Prezident İlham Əliyev tərəfindən geniş islahatlara istiqamətlənən və ölkəmizə böyük tərəqqi bəxş edən “yeniləşən Azərbaycan modeli” ilə uğurla davam etdirilir.

Prezident İlham Əliyevin müstəqil Azərbaycanın modernləşdirilməsini əks etdirən islahat xətti ölkədə əsaslı dəyişikliklərə, yeniləşən inkişaf tendensiyalarına böyük təkan verir. Möhtərəm Prezidentimizin ölkəmizdə 2016-cı ili “Dərin islahatlar dövrü”, 2017-ci ili isə “Sürətli islahatlar mərhələsi” kimi qiymətləndirməsi respublikamızdakı böyük inkişafın reallıqlarını aydın surətdə əks etdirir. Bu gün ölkədə gedən genişmiqyaslı islahatlar, proqram və layihələr uzun bir strateji dövrü əhatə edir. Bu proseslər isə ölkə rəhbərindən yeni islahatlar aparılması və daha vacib qərarlar qəbul edilməsi tələbini qarşıya qoyur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin böyük gələcəyini təmin edən, strateji əhəmiyyətli qərarlar çıxaran və həmin tarixi qərarları qətiyyətlə həyata keçirməyi məharətlə bacaran görkəmli dövlət xadimi kimi bütün dünyada qəbul olunur və xalqımız tərəfindən sevilir. Azərbaycan ziyalıları, o cümlədən minlərlə elm adamları Prezident İlham Əliyevi əsl lider kimi görür, ona inanır, möhtərəm Prezidentimizin rəhbərliyi ilə irəliyə doğru addımlamağı şərəf işi sayırlar.

Biz, Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin böyük gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına İlham Əliyevin rəhbərliyi ilə çatmağın mümkünküyünə bütün varlığımızla inanırıq.

Bunu hər kəs dərin səmimiyyətlə etiraf edir ki, Prezident İlham Əliyevin aydın siyasi təfəkkürü, geniş praqmatik gedişləri əsasında Azərbaycan dünyada böyük nüfuz sahibinə, Qərbin enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə, dinamik inkişaf modeli olan ölkəyə çevrilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasında uğurla həyata keçirilən genişmiqyaslı islahatlar və əldə olunan mühüm nailiyyətlər İlham Əliyev siyasətindən dəstək və güc alaraq, yeni elmi nailiyyətlərin qazanılmasına meydan açır.

Biz, Azərbaycan Respublikasının çoxminli elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək Prezident seçkilərində yekdilliklə İlham Əliyevin namizədliyini ürəkdən dəstəkləyir və onu müdafiə edirik.

Xalqımızı, ölkəmizin elmi ictimaiyyətini Prezident seçkilərində mütəşəkkil surətdə iştirak etməyə və Azərbaycanın işıqlı gələcəyi olan İlham Əliyevə səs verməyə çağırırıq.

Faydalı linklər