Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümü anıldı


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümü anıldı. Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov mənfur ermənilərin qəddarlığından, o cümlədən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdikləri dəhşətli qırğınlardan danışdı:

“Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur. Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar – 63 nəfər, qadınlar – 106 nəfər, qocalar – 70 nəfər, 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmış, onlardan: uşaqlar – 76 nəfər; 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür”.

Misir Mərdanov Xocalı soyqırımının ildönümü günündə erməni yazarlarının etiraflarını xatırlatdı. Qeyd etdi ki, bu soyqırımın nə qədər dəhşətli olduğunu təsəvvür etməkdən ötrü ermənilərin fəxarətlə yazdıqları etiraflardan tutarlı fakt ola bilməz.

Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

“Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

Ayağımı 9-11 yaşlı uşaq meyitinin üstünə qoydum…
Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımında müəllif yazır:

“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim”.

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”…

Doğma yurdlarında didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa edilməsi ümidi ilə yaşayırlar.

Azərbaycanın qüdrətli dövlətə çevrilməsi deməyə əsas verir ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacaq. Belə güclü yəqinliyi şərtləndirən ən böyük amillər – xalqımızın vətənpərvərliyi, igidliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyidir.

Tədbirin sonunda Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər