Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Görkəmli alim, unudulmaz müəllim Azad Mirzəcanzadənin anadan olmasının 90 ili tamam olur


Mirzadjanzade_sayt

Sentyabr ayının 29-da Azərbaycanın görkəmli alimi, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Xəlil oğlu Mirzəcanzadənin anadan olmasının 90 illi tamam olur.

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Alim 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuşdur.

1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının,1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.

Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmişdir. Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.

1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Alim orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.

Azad Mirzəcanzadə 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.

Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.

Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi dünya şöhrətli alim, unudulmaz şəxsiyyət Azad Mirzəcanzadənin xatirəsini daim dərin hörmətlə anır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər