Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib


Dekabrın 19-da AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı qəzetlərinin baş redaktorları, xəbər saytlarının rəsmiləri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, fil.e.d. Vüqar Zivəroğlu, AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev müasir cəmiyyətdə elmin populyarlaşdırılmasına böyük tələbatın olduğunu bildirərək, KİV-in bu prosesdə xüsusi rola malik olduğunu qeyd edib. O, elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elmi biliklərin, nailiyyətlərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyətin düşdüyünü söyləyib, KİV-in akademik tədqiqatlara ictimai marağın artırılmasındakı rolundan söz açıb.

İdarə rəisi bu sahədə kadr hazırlığı, jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanmasının önəmini bildirərək, bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını deyib.

Daha sonra çıxış edən Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqin nəticələrini açıqlayıb. O, qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubdan kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib. Ü.Rzayeva müasir dövrdə müxtəlif sferalarda dinamik inkişaf sayəsində bir-biri ilə sıx əlaqəli olan tamamilə yeni elm sahələrinin yaranmasının elmin populyarlaşdırılması işini mürəkkəbləşdirdiyini vurğulayıb.

Rəis müavini KİV nümayəndələri ilə alimlər arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd edərək, Milli Elmlər Akademiyası və KİV, eləcə də müxtəlif universitetlərin Jurnalistika fakültələri ilə elmin populyarlaşdırılması və təbliği istiqamətində birgə fəaliyyətin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu bildirib ki, müasir dövrdə dünyanın bir çox ölkələrində elm jurnalistikasının inkişafına xüsusi əhəmiyyət verilir. Ölkəmizdə elm jurnalistikasının hələ formalaşma mərhələsində olduğunu söyləyən V.Zivəroğlu bu sahənin spesifik auditoriyaya malik olduğunu deyib. Jurnalistika sahəsində təhsili olan və elmi jurnalistika sahəsində ixtisaslaşmış kadrların yetişdirilməsinə ehtiyac duyulduğunu qeyd edən V.Zivəroğlu bu kadrların elmin populyarlaşmasına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə, həmçinin Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, dosent Təranə Şükürlü və digər çıxış edənlər elmin populyarlaşmasında AMEA ilə müxtəlif KİV-lər arasında əlaqələrin genişləndirilməsinin, akademiyanın Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin Jurnalistika fakültələri ilə birgə kurs və treninqlərin, tələbələrin elmi müəssisə və təşkilatlarda istehsalat təcrübəsinin təşkili, elm jurnalistikasının müxtəlif problemlərinin həllinə həsr olunmuş birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulanıblar. Bu sahədə bilik və təcrübə mübadiləsinin aparılması üçün alim-populyarizatorlar, peşəkar elmi jurnalistlər və elmi kommunikatorların öz qüvvələrini səfərbər etmələrinin, birgə treninq, müsabiqə və müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Çıxış edənlər, həmçinin elm jurnalistikasının inkişafında kadr təminatı məsələsindən də söz açıblar. Bildirilib ki, elm və elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılması və təbliğində yüksəkixtisaslı kadr hazırlığı mühüm rol oynayır. Tədbirdə bu sahənin tədrisi istiqamətində əməli addımların atılmasının vacibliyi qeyd olunaraq Azərbaycanda elm jurnalistikasının formalaşması və inkişafı tarixi, müxtəlif problemlərinin tədqiqi, o cümlədən dərs vəsaitlərinin hazırlanması və dissertasiya işlərinin müdafiəsinin zəruriliyi vurğulanıb. Təkcə Jurnalistika fakültələrində deyil, digər fakültələrdə də populyar elm fənninin tədris edilməsi təklif olunub.

Mövzu ətrafında müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.

Tədbirdə AMEA-nın institutlarının şöbə müdirlərinə elmin təbliğindəki xidmətlərinə görə AMEA tərəfindən təşəkkürnamələr təqdim olunub.

Faydalı linklər