Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi biologiyanın tam və kəsr tərtibli bəzi model diferensial və inteqral tənlikləri və onların tətbiqləri“ mövzusunda seminar keçirilib


Bu gün  Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının müdiri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru İlqar Qürbət oğlu Məmmədov “Riyazi biologiyanın tam və kəsr tərtibli bəzi model diferensial və inteqral tənlikləri və onların tətbiqləri “ mövzusunda məruzə edib.

Məruzədə riyazi biologiyanın əsas model diferensial və inteqral tənlikləri və onların tətbiqləri haqqında danışılıb. Seminarda riyazi biologiyada baxılan bioloji proseslərin qeyri-lokal xarakteri (yaddaşa malik olması) haqqında məlumat verilib.

Riyazi biologiyada bitki köklərinin nəmliyi udmasında süzülmə prosesini təsvir edən model diferensial tənliklərdən biri olan Aller tənliyi və torpaqda rütubətkeçirmə prosesini təsvir edən ümumiləşmiş Aller tənliyi, bu tənliyin eyni zamanda ümumi şəkildə ikinci tərtib xətti hiperbolik tənliklərin kanonik şəkli ilə, rabitədə istifadə olunan teleqraf tənliyi ilə, rəqsi prosesləri təsvir edən simin rəqs tənliyi ilə əlaqəsindən bəhs edilib. Radiodalğaların öyrənilməsi zamanı vibrasiya proseslərinin modelləşdirilməsində istifadə olunan Bianki tənliyi haqqında, tətbiqi əhəmiyyətə malik riyazi biologiyanın əsas model diferensial tənliklərindən biri olan hidrodinamikada istifadə olunan ümumiləşmiş Manjeron tənliyi və bu tənliyin uzununa dalğaları təsvir edən Bussinesk-Lyav tənliyi ilə əlaqəsindən danışılıb. Daha sonra Bussinesk-Lyav tənliyinin mayelər üçün stasionar süzülmə proseslərini təsvir edən Laplas tənliyi ilə riyazi əlaqəsi əsaslandırılıb. Laplas tənliyinin birinci tərtib elliptik diferensial tənlik olan Koşi-Riman tənliyi ilə riyazi əlaqəsi və Koşi-Riman tənlyinin isə kəsr tərtibli diferensial tənliklərlə əlaqələri göstərilib.

Daha sonra ağırlıq qüvvəsinin təsiri altında maddi nöqtənin hərəkətini təsvir edən kəsr tərtibli model inteqral tənliklərdən biri olan Abel inteqral tənliyindən (“Tautoxron haqqında məsələ”-dən) danışılıb. Ağırlıq qüvvəsinin canlı aləmin mövcudluğu üçün müstəsna əhəmiyyəti haqqında, insan, bitki və heyvan – biologiyada bütün canlı aləmin suya ehtiyacı, suyun qeyri-lokal xarakteri, informasiya daşıyıcısı kimi yaddaşa malik olması haqqında məlumat verilib. Təbiətdə suyun dövranın əslində informasiya mübadiləsi olması faktları açıqlanıb.

Riyazi biologiyada və təbabətdə volter inteqral tənliklərinin əhəmiyyəti, bioloji proseslərin yaddaşa başqa sözlə desək, qeyri-lokal xaraktera malik olmasını təsvir etməsi haqqında, bioloji proseslərin eriditarlığı-keşmişindən asılılıği haqqında söhbət aparılıb. Volter inteqral tənliyinin əslində mənfi törəməli diferensial tənlik kimi Riman-Liuvill mənada kəsr tərtibli tənliyin xüsusi halı olması barədə danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər