Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın  professorlarının Koordinasiya şurası ilə Gənc Alim və Mütəxəssislər Şurasının birgə iclası keçirilib


Yanvarın 28-də  Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın professorlarının Koordinasiya şurası və həmin qurumun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə heyətinin üzvlərinin iştirakı ilə iclas keçirilib. Görüşün məqsədini 2019-cu il üzrə nəzərdə tutulan fəaliyyətdə müştərəkliyin təmin olunması, o cümlədən AMEA-da və respublikanın digər ali təhsil müəssisələrində elmi fəaliyyət göstərən əməkdaşların və həmçinin gənclərin fəaliyyətində məhsuldarlığın artırılması təşkil edib.

İclası koordinasiya şurasının sədri, riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru Rövşən Bəndəliyev açaraq təmsil etdiyi təşkilatın 2019-cu il üzrə nəzərdə tutulan fəaliyyəti, həmçinin AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası ilə müştərək layihələr haqqında məlumat verib.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov rəhbərlik etdiyi gənclər birliyinin bu ilki fəaliyyət planından bəhs edib. O, fevral ayında keçiriləcək “Gənc bioloqların qışı məktəbi ‒ 2019”, ümumrespublika müəssisələrində ilboyu təşkil olunacaq elmi seminarlara və s. nəzərdə tutulan layihələrə AMEA-nın professorlarının Koordinasiya şurasının da cəlb olunmasının faydalı olacağını vurğulayıb.

Geniş müzakirələrlə yadda qalan iclasda birgə fəaliyyətlə bağlı bir sıra mühüm qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər