“Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Xasay Musayevi 90 yaşı münasibətilə təbrik edirik!

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent Xasay İbrahim oğlu Musayevin 90 yaşı tamam olur.

Əziz və hörmətli Xasay müəllim!

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun kollektivi və şəxsən öz adımdan Sizi anadan olmanızın 90-illiyi münasibəti ilə ürəkdən təbrik edirəm.

Siz deformasiya olunan bərk cism mexanikası sahəsində böyük mütəxəssis-alimsiniz. Elastiki mühitdə yerləşən bircinsli və qeyri-bircinsli örtüklərin dayanıqlığı və məxsusi rəqsləri məsələlərini araşdırmısınız. Lövhə və örtüklər nəzəriyyəsinin sərhəd məsələlərinin tədqiqində, riyazi modelləşdirmə və proqram təminatı, mühəndis hesablamaları və layihələndirilən işlərin tətbiqi sahəsində zəngin təcrübəyə malik olan yüksək ixtisaslı mütəxəssissiniz.

1980-2003-cü illərdə Siz, Azərbaycan SSR Elmlər Akademiyasının Xüsusi Konstruktor Bürosunun Bakı filialında və Fizika İnstitutunun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosunda sektor müdiri vəzifəsində, 2003-cü ildən isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışırsınız.

Hörmətli Xasay müəllim! Siz, bir çox Beynəlxalq konfransların iştirakçısı olmuş və elmi məruzələrlə çıxış etmisiniz. Sizin aldığınız elmi nəticələr, təklif olunan hesablama metodları, həmçinin layihələndirmə üçün təklif olunan praktiki tövsiyyələrdən istifadə olunaraq, Azərbaycan Dövlət Layihə və Bakı Dövlət Layihə İnstitutlarında layihələndirilən bina və qurğuların örtük konstruksiyalarında, xüsusilə Bakı şəhərində tikilən idman və məişət binalarında örtüklərin hesabatında istifadəsinə müsbət rəy verilmiş və tətbiqi nəzərdə tutulmuşdur.

Hörmətli Xasay müəllim! Siz yüksək insani keyfiyyətlərinizlə, dərin daxili mədəniyyətinizlə ünsiyyətdə olan hər bir insanın Sizə qarşı olan böyük hörmətini və ehtiramını qazanmısınız. Sizi yubileyiniz münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür, elmi fəaliyətinizdə uğurlar arzulayırıq. İnanırıq ki, yaşınızın bu müdrik çağında da üzünüz daim güləcək və Ulu Tanrı yardımçınız olacaq.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru,

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.