Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


AMEA Riyaziyyat və Mexanika Institutunda 21 dekabr 2019-cu il saat 11:30-da AMEA-nın müxbir üzvü, professor Qoşqar Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçiriləcəkdir.

Qoşqar Teymur oğlu Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısıBöyük Vətən Müharibəsi iştirakçısı, fizika- riyaziyyat elmləri doktoru, professorAzərbaycan SSR EA müxbir üzvü.

Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur.

Qoşqar Əhmədov, 1930-1933-cü illərdə Bakı Beynəl­miləl Pedaqoji Texni­kumunda təhsil almış, 1934-cü ildə texnikumu bitirdikdən sonra Gədəbəy rayonunun Xarxar kənd natamam orta məktəbində fizika və riyaziyyat müəllimi işləmişdir.

1936-cı ildə Qoşqar Teymur oğlu Əhmədov Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” bölməsinə və Tibb İnstituna daxil olmuşdur. (O vaxt eyni zamanda iki institutda oxumağa icazə verilirdi) Qoşqar Əhmədov bir il bu ali məktəblərin hər ikisində əla qiymətlərlə oxuyub. Lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq qaydasına son qoyulub. Universitet müəllimlərinin, xüsusən Mikayıl Xıdırzadənin və Maqsud CavadovunƏşrəf Hüseynovun təkidi ilə Qoşqar Əhmədov, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” bölməsində təhsilini davam etdirməli olur. O, beş il ərzində əla qiymətlərlə oxumuş, təhsil aldığı fakültədə tələbələr üçün dövrün ən yüksək təqaüdü olan İ.V. Stalin adına təqaüdə layiq görülmüşdür. 1941-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib, riyaziyyatçı ixtisasına yiyələnmişdir.

1952-ci ilin 15 sentyabrında Azərbaycan Dövlət Universitetinin rektoru Cəfər Xəndan Hacıyevin əmri ilə Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinin müvəqqəti icrası Qoşqar Əhmədova həvalə edilmişdir.Həmin ilin sonunda təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 35 yaşlı gənc alimi Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə seçirlər.

1960-cı ildə 43 yaşında Azərbaycan Dövlət Universitetinin Elmi Şurasında fizika-riyaziyyat elmləri doktoru, professor Lazar Lyusternik və fizika-riyaziyyat elmləri doktoru, professor Viktor Nemıtskinin məsləhətçiliyi ilə “Banax fəzasında diferensial tənliklərin nəzəriyyəsinə dair” (“Operator və operatorlu diferensial tənliklərin analitik nəzəriyyəsinə dair”) mövzusunda doktorluq dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.Qoşqar Əhmədov riyaziyyat sahəsində elmlər doktoru olmuş altıncı azərbaycanlıdır. Xüsusi qeyd etmək lazımdır ki, Qoşqar Əhmədov Bakı şəhərində riyaziyyat sahəsində doktorluq dissertasiyası müdafiə etmiş ilk azərbaycanlıdır.

1960-cı ildə doktorluq dissertasiyası müdafiə etdikdən sonra, Bakı Dövlət Universitetində işləməyə başlayır, rəhbərlik etdiyi “Diferensial və inteqral tənliklər” kafedrasında fəaliyyətini davam etdirir. 1958-ci ildən ömrünün sonuna qədər universitetin Mexanika-riyaziyyat fakültəsinin “Diferensial və inteqral tənliklər” kafedrasının müdiri vəzifəsində çalışmaqla yanaşı, 1952-1956-cı illərdə “Fizika və riyaziyyat” və 1970-1972-ci illərdə Mexanika və riyaziyyat fakültələrinin dekanı, 1963-1964-cü illərdə universitet partiya komitəsinin katibi vəzifələrində işləmişdir. O, 1961-ci ildə “Diferensial və inteqral tənliklər” kafedrası üzrə professor elmi adına layiq görülmüşdür.

Qoşqar müəllim iki il Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində işlədikdən sonra öz ərizəsinə əsasən həmin vəzifədən azad olunmuşdur. Riyaziyyat elminin daha da inkişaf etdirilməsi məqsədi ilə Qoşqar Əhmədov 1969-cu ildə Tətbiqi riyaziyyat fakültəsinin yaradılması haqqında Azərbaycan Dövlət Universitetinə gəlmiş, həmin dövrdə Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevə müraciət etmişdir. Bu müraciətdən sonra Heydər Əliyevin tapşırığı və köməkliyi ilə Mexanika-riyaziyyat fakültəsinin bazası əsasında Tətbiqi Riyaziyyat fakültəsi yaradılmışdır. Sonralar bu fakültənin adı dəyişdirilərək “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə çevrilmişdir.

Diferensial və inteqral tənliklər sahəsində böyük mütəxəssis kimi tanınmış Qoşqar Əhmədov 70-dən çox elmi əsərin müəllifi olmuşdur.

Qoşqar Əhmədovun elmi və pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə 60-dan çox elmlər namizədi hazırlanmışdı. O, 80-dən yuxarı namizədlik və doktorluq dissertasiyaların müdafiəsində rəsmi opponent kimi çıxış etmiş, doktorluq dissertasiyası üzərində işləyən bir çox riyaziyyatçıların elmi məsləhətçisi olmuşdur.

Qoşqar Əhmədov 1975-ci il fevralın 12 vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun Radius nəşriyyatında Qoşqar Əhmədovun həyat və elmi yaradıcıllığına həsr olmuş, “Müəllimim Qoşqar Əhmədov” adlı, 17 bölmədən ibarət kitabı çap olunmuşdur. Kitab 264 səhifədən ibarətdir. Kitabda AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov yazırdı: “Hər bir xalqın yaddaşında o xalqın tarixini, elmini, ədəbiyyatını, mənəviyyatını təmsil edən görkəmli şəxslər olmuşdur. Azərbaycan xalqı da məhz belə bir xalqdır. Zaman-zaman öz milli məfkurəsini, amalını xalqının rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin inkişafına həsr edən, millət, vətən sevgisi ilə alışıb-yanan vətəndaşlar yetirən əzəmətli bir xalq! Əgər xalqımızın tarixini vərəqləsək, müxtəlif vaxtlarda belə mütəfəkkirlərin yetişdiyinin və ardıcıllarını yetirdiklərinin şahidi olarıq.Belə insanlarla yaşanan dəqiqələr sənə bir ömür boyu bəs edir, onların şəxsiyyəti, mənəviyyatı, əməlləri sənə örnək olur. Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,fizika-riyaziyyat elmləri doktoru, professor, sözün əsl mənasında, böyük müəllim, alicənab, humanist, müdrik və xeyirxah insan Qoşqar Teymur oğlu Əhmədov xalqımızın yetirdiyi belə şəxslərdən biridir.”

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər