Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib


Mayın 8-də AMEA Rəyasət Heyətinin onlayn iclası keçirilib.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükələrin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilməkdədir. Bu istiqamətdə düşünülmüş siyasət  və çoxşaxəli qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini verir. Vaxtında və düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir ki, koronavirusla mübarizənin Azərbaycan modeli dünyanın bir sıra nüfuzlu beynəlxalq qurumları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib. Akademik əlavə edib ki, son aylar respublikada xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, müasir informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan istifadə etməklə, AMEA-nın qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində işlər ugurla davam etdirilib. O, qeyd edib ki, iclasın gündəliyində yer alan məsələlər, əsasən, AMEA-nın elmi və elmi-təşkilati həyatı, o cümlədən bir sıra mühüm elmi kadr təyinatları ilə bağlıdır.

Sonra gündəlikdə yer alan məsələlərlə bağlı AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova söz verilib. Akademik-katib gündəlikdə yer alan birinci məsələ, “İstiqlal salnaməsi: Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin nəşri barədə məlumat verib. Qeyd olunan məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli  bildirib ki, müstəqillik illərində Azərbaycan Respublikasının tarixinin, onun sosial-iqtisadi inkişafının, mədəni-mənəvi təkamül proseslərinin vahid konseptual elmi baxış müstəvisində kompleks tədqiqi və nəşri hazırkı şəraitdə qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də qeyd olunan çoxcildliyin akademik səviyyədə hazırlanması zəruridir. Məsələ müzakirə olunduqdan sonra akademik Ramiz Mehdiyevin baş redaktorluğu ilə çoxcildliyin hazırlanıb nəşr edilməsi qərara alınıb. Çoxcildliyin akademik Ramiz Mehdiyev, akademik İsa Həbibbəyli, akademik Yaqub Mahmudov və akademik İsmayıl Hacıyevdən ibarət Redaksiya heyəti, o cümlədən müəlliflər heyəti və plan-prospekti təsdiqlənib.

Sonra gündəlikdə yer alan ikinci məsələ, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” müzakirə olunub. AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, Tədbirlər Planının həyata keçirilməsi digər təşkilatlarla yanaşı, akademiyanın da qarşısında bir sıra vəzifələr qoyub. Məsələ müzakirə olunduqdan sonra həmin vəzifələrin icrasını təmin etmək məqsədilə AMEA-nın müvafiq strukturları üçün İş planı təsdiq edilib, əlaqədar qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilib.

Sonra AMEA-nın akademik-katibi Əminağa Sadıqov gündəlikdə yer alan növbəti məsələ, “Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi” barədə məlumat verib. O, bildirib ki, AMEA üzvlərinin, elmi bölmələrin, elmi müəssisələrin, AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinin, həmçinin müvafiq nazirliklərin təqdim etdikləri materiallar əsasında ”Azərbaycan Milli Elmlər Akademiyasının 2019-cu ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi”nin layihəsi Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsi tərəfindən hazırlanaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilib. Hesabatda AMEA-da, respublikanın digər elm və təhsil müəssisələrində 2019-cu ildə aparılmış fundamental və tətbiqi tədqiqatların mühüm nəticələri, AMEA Rəyasət Heyətinin elmi-təşkilati fəaliyyəti, akademiyanın fəaliyyətinin digər göstəriciləri öz əksini tapıb. Məsələ geniş müzakirə olunduqdan sonra məcmuənin bəyənilməsi, nəşri və AMEA-nın Ümumi yığıncağının müzakirəsinə təqdim edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın doktorantura və dissertanturasına qəbulun nəticələri haqqında olub. Bu məsələ ilə bağlı məlumat verən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov qeyd edib ki, müvafiq qanunvericiliyə uyğun olaraq, AMEA-nın doktoranturasına və dissertanturasına qəbul uğurla başa çatdırılıb, doktorant və  dissertantlar üçün müxtəlif istiqamətlər üzrə aktual elmi problemləri əhatə edən mövzular müəyyənləşdirilib. Məsələ müzakirə edildikdən sonra fəlsəfə və elmlər doktoru hazırlığı üzrə AMEA-nın doktoranturasına və dissertanturasına qəbulun nəticələri təsdiq edilib, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə, digər qurumlara bu məsələ ilə bağlı müvafiq tapşırıqlar verilib.  

Rəyasət Heyətinin iclasında AMEA-nın Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması barədə də qərar qəbul edilib. Bu məsələ ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan dilini, mədəniyyətini, ümummilli dəyərlərini, adət-ənənələrini, xalqımızın milli mənafeyini, dövlətçilik ideologiyasını, vətənpərvərlik ruhunu, azərbaycançılıq ideyasının əsas prinsiplərini və  mahiyyətini daha da möhkəmləndirmək, tədqiq və təbliğ etmək məq­sədilə AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması zərurəti meydana çıxıb. Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasının formalaşma və inkişaf proseslərini tədqiq və təbliğ etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən mərkəzin yaradılması barədə qərar qəbul edilib. Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin rəhbəri akademik Ramiz Mehdiyev, müavini isə akademik İsa Həbibbəyli təsdiqlənib.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun nəzdində Eksperimental fonetik araşdırmalar laboratoriyasının bərpa edilməsi və “AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun elmi əsərləri” jurnalının “Azərbaycan tarixşünaslığı” adlandırılması kimi digər elmi-təşkilati məsələlər də müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul edib.

Gündəlikdə duran növbəti məsələlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun və Azərbaycan fəlsəfə elminin in­ki­şa­fında xüsusi xidmətləri olan AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun anadan olmasının 100 illik yubileyləri barədə olub. Hər iki yubileylə bağlı müvafiq qərar qəbul olunub.

İclasda qeyd olunan məsələlərin müzakirəsində AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademik Dilqəm Tağıyev və akademik Rasim Əliquliyev yaxından iştirak edib, müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Texnika elmləri doktoru Təranə Məmmədova AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ), kimya elmləri doktoru Əfsun Sucayev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ), biologiya elmləri doktoru Eldar Novruzov Botanika  İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Qoşqar Məmmədov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, biologiya elmləri doktoru Şakir Qasımov Mərkəzi Nəbatat Bağının və fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təsdiqləniblər. Həmçinin kimya üzrə fəlsəfə doktoru Nizami Mürsəlov NKPİ-nin, kimya elmləri doktoru Mina Munşiyeva akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova AKİ-nin, biologiya üzrə fəlsəfə doktoru Natavan Kələntərova Genetik Ehtiyatlar İnstitutunun, biologiya üzrə fəlsəfə doktoru Yeganə Bayramova akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyeva Nəsimi adına Dilçilik İnstitutunun və fizika üzrə fəlsəfə doktoru Musa Nuriyev Radiasiya Problemləri İnstitutunun elmi katibi vəzifələrinə təyin ediliblər.

© Mənbə: www.science.az

Faydalı linklər