RMİ-nun əməkdaşları BDU-nun Mexanika-Riyaziyyat fakültəsinin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konfransda iştirak etmişlər

2020-ci il 20/21 may tarixlərində BDU-nun Mexanika-Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş «Riyaziyyat, Mexanika və onların tətbiqləri» adlı Respublika Elmi Konfransı keçirilmişdir.

Virtual konfransı açıq elan edən BDU-nun rektoru Elçin Babayev ilkin olaraq ümummilli lider Heydər Əliyevin Universitet fəaliyyətində yüksək rolunu qeyd etmiş, hazırkı vəziyyətdə bu konfransın keçirilməsində Universitet əməkdaşlarının əməyini qiymətləndirərək, konfransın işinə və iştirakçılarına uğurlar arzulamışdır.

Konfransda RMİ-nun direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın müxbir üzvü Qeylani Pənahov, f.-r.e.d., dos. Telman Qasımov, f.-r.e.d., prof. Rövşən Bəndəliyev, r.ü.f.d. Mehriban Ömərova və digər İnstitut əməkdaşları iştirak etmişlər.

Konfransda təqdim olunan “Məsaməli mühitlərdə köçmə məsələləri və onların həlləri”, “Kəsilmə nöqtəsinə malik bir spektral məsələnin məxsusi ədədlərinin və məxsusi funksiyalarının xassələri”, “ Diskret sistemlərlə təsvir olunan optimal proseslər üçün komponentlərə görə birinci tərtib zəruri şərtlər”, “Characterization of the Riemann-Liouville fractional integral via the ordinary fractional integro-differential equation”, “Глобальная бифуркация решений некоторых нелинейных задач для эллиптических уравнений в частных производных”, “(Lp, Lq) estimates for commutators of Riesz transforms related to Schrödinger operators” adlı məruzələr iştirakçıların maraqlarına səbəb olmuşdur.

F.-r.e.n. Elvin Əzizbəyovun təşkilatçılığı ilə “Microsoft Teams” platforması üzərindən keçirilmiş Elmi konfrans sualların cavablandırılması ilə öz işini yekünlaşdırmışdır.

İki gün davam edən konfransda 30-yə yaxın məruzə dinlənilmişdir. Konfransın bağlanması zamanı BDU-nun rektoru Elçin Babayev konfransın işini yüksək qiymətləndirərək, fakültənin dekanı professor Nizaməddin İsgəndərova kənardan olan mütəxəssislərlə əlaqələrin qurulması və tətbiqi xarakterli tədqiqatlarla bağlı təkliflərin hazırlanması tövsiyələr etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.