Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Cəmiyyətin ən fəal təbəqəsi


“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.

Heydər ƏLİYEV

Gəncliyin intellektual, mənəvi imkan və ölçülərinin geniş olması dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti çalışır ki, cəmiyyətin aparıcı təbəqəsi olan gənclər inkişaf və inteqrasiya baxımından dünyadakı vacib meyarlara cavab versinlər. Həqiqət odur ki, cəmiyyətin gələcəyi gənclərdir. Bu danılmaz gerçəkliyi siyasi fəaliyyəti boyunca yüksək dəyərləndirən, gəncliyə qayğını öz iş prinsipinə çevirən və onların inkişafı üçün hər cür lazımi tədbirlər həyata keçirən Ümummilli Lider Heydər Əliyev faktoru bir reallıq idi.

Ulu Öndər ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparır, bütün proseslərdə gənclərin roluna həmişə xüsusi yer verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Hakimiyyətdə olduğu bütün dövrlərdə Ulu Öndər gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirmişdi.

Heydər Əliyev ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gənclərin sağlam ruhda böyümələri, mükəmməl təhsil almaları üçün mümkün olan bütün işləri yüksək səviyyədə həyata keçirmişdir. Ən bilikli və yüksək bacarıqlı gəncləri keçmiş SSRİ-nin tanınmış ali təhsil müəssisələrinə oxumağa göndərməsi hələ o illərdə Azərbaycana yeni intellektual səviyyə, həyata üstün baxışlar və geniş dünyagörüşü gətirmişdir.

Azərbaycan müstəqillik qazandıqdan bir müddət sonra ölkədə yaranmış hakimiyyətsizlik, özbaşınalıq, anarxiya və xaos bütün sahələrdə olduğu kimi, gəncliyin də həyatına çox ağır təsir göstərmişdir. Lakin Heydər Əliyevin xalqın təkidli tələbindən sonra müstəqil ölkənin rəhbərliyinə qayıdışı ilə gəncliyin də həyat və mübarizəsində əsaslı dönüş yaranmışdır. İlk gündən gəncliyin istək və arzularına, rastlaşdığı çətinliklərə müdrikliklə diqqət yetirilmiş, müstəqil ölkənin gənclər siyasətinin əsasları qoyulmuşdur. Bununla da 1993-cü ildən etibarən gənc nəsillə iş dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyev gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən xüsusi qanun imzaladı. Burada gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması öz əksini tapdı.

Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən silsilə addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” – deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas hədəflərini müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə, 2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi. İlk forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Yeri gəlmişkən qeyd edək ki, dünya üzrə gənclər günü yalnız 1999-cu ildə BMT-nin qərarı ilə elan edildi.

1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzaladı.

Bundan əlavə, gənclərin II Forumu, həmçinin imzalanmış “Dövlət gənclər siyasəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənc istedadlar üçün təqaüdlərin təsis edilməsi haqqında” sənədlər, eyni zamanda “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc ailə”, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu”, “Gənclər siyasəti haqqında” qəbul olunmuş proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm faktora çevrildi.

Ulu Öndər 9 iyul 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” sənədə imza atmaqla bu sahədə böyük inkişaf xəritəsi tərtib etdi. Bu fərman çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edirdi. Heydər Əliyevin bu fərmanı dövlət orqanlarının diqqətinin gənclərin problemlərinin həllinə yönəldilməsi baxımından son dərəcə əhəmiyyətli sənəddir və indi də gənclər təşkilatları və gənclər üzrə dövlət strukturları tərəfindən mərhələ-mərhələ həyata keçirilir. Bu tarixi fərmanı, əslində, Azərbaycan gənclərinin həyatında yeni mərhələ, doğru dönüş nöqtəsi hesab etmək olar. Məhz bu fərmandan sonra, 9 aprel 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət başçısı tərəfindən imzalandı. Bu qanun Azərbaycanda gənclər siyasətinin hüquqi əsaslarını ifadə edir və bu siyasətin qarşıya qoyduğu prinsipləri vahid konsepsiya halında, ayrıca maddələrlə tənzimləyir. Əslində, gənclər siyasətinin ən yaxşı tərifi də elə “Gənclər siyasəti haqqında” qanunun ilk maddəsində aydın şəkildə verilmişdir: “Gənclər siyasəti – gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir”.

Sözsüz ki, bu gün uğurla həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan Respublikasını inkişafa aparan təməl prinsiplərdən biri kimi qəbul olunur. Gənclər, əslində, cəmiyyətin və dövlətin səsidir. Güclü cəmiyyətin və güclü dövlətin formalaşdırılması üçün sağlam bədənli və sağlam ruhlu gənclərin olması mütləq vacib və əhəmiyyətlidir.

Bu baxımdan Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev prezident seçilən vaxtdan etibarən gənclərlə iş məsələsinə eyni diqqətlə yanaşır. Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı haqqında (2005-2009)” fərmanın imzalanması, Gənclər Siyasəti üzrə I Qlobal Forumun Azərbaycanda keçirilməsi, “Gənclər sahəsində Bakı Öhdəlikləri”nin qəbul edilməsi ölkəmizin gənclər siyasəti sahəsində uğurunu, yeni yanaşmaların və standartların tətbiqini əks etdirir. Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin İnkişaf Strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclərin fərdi inkişafı və qərarların qəbulu prosesində iştirakının artırılması istiqamətində yeni imkanlar yaradır.

Dövlətin gənclər siyasətində gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi, onların elmə həvəsləndirilməsi, yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması da yeni dövlət proqramında qarşıya qoyulan vəzifələrdən biridir. Ölkəmizdə ardıcıl olaraq elm festivallarının keçirilməsi, alimlərin layihələrinin maliyyələşdirilməsi, gənc alimlərin beynəlxalq konfranslarda iştirakının təmin edilməsi, innovasiyalara əsaslanan laboratoriyaların, elmi-tədqiqat mərkəzlərinin yaradılması bu siyasətin getdikcə tətbiq olunan prinsiplərinin nəticəsidir. Bu gün aparılan islahatlar, təyinatlar, yaradılan strukturlar da məhz gənclərin iştirakı və töhfəsi ilə həyata keçirilir. Artıq Azərabaycan gəncliyi güc strukturlarından tutmuş idarəetməyə qədər çox ciddi sahələrdə öz sözlərini deməkdədir. Bu gün hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, onun miras qoyduğu müstəqil Azərbaycanı gələcək nəsillərə inamla, əzmlə ötürməlidir.

Emin BAĞIROV,

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, mexanika-riyaziyyat üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər