Azərbaycanın elmi və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir

Respublikamızın tanınmış riyaziyyat alimi, ADPU-nun “Cəbr və həndəsə” kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işcisi,  riyziyyat üzrə fəlsəfə doktoru, dosent  Şahbazov Aydın İsrafil oğlu 2020-ci il iyulun 8-də ömrünün 67-ci ilində ürək çatışmazlığından qəflətən vəfat etmişdir.

Şahbazov Aydın 5 may 1953-cü ildə Cəlilabad rayonunun Pokrovka kəndində anadan olub.

1970-ci ildə Cəlilabad şəhər 1 nömrəli orta məktəbini, 1977-ci ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

1978-1980-ci illərdə  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsində elmi-tətqiqat üzrə stajor, 1980-1984-cü illərdə həmin bölmədə aspirant olmuş, 1984-çü ildə professor E.A.Qorinin  rəhbərliyi altında “Спектр компактных операторов взвешенной композиции в некоторых пространствах аналитических функций” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Azərbaycan, İspaniya, Fransa, Rusiya, Türkiyə, Estoniya, Qazaxıstan, İran, Gürcüstan və s. ölkələrdə analiz və cəbr üzrə keçirilmiş  30-dan çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.

1980-cı ildən başlayaraq  80-dən çox çap olunmuş elmi məqalənin (o cümlədən 30-dan çoxu ölkədən kənar nüfuzlu xarici elmi jurnallarda çap olunmuşdur) müəllifidir.

Əsas elmi nailiyyətləri Banax cəbrlərində, xüsusi halda, müntəzəm cəbrlərdə çəkili endomorfizmlərin kompaktlığının, ümumi halda isə kəsilməz funksiyalar cəbrinin qapalı altfəzalarında çəkili kompozisiya operatorların kompaktlığının, nüvəliliyinin, obrazının qapalılığının, spektrlərinin öyrənilməsidir. Bundan əlavə çəkili kompozisiya operatorların sonlu cəmlərinin kompaktlığı, spektral xassələri öyrənilmiş və bu nəticələr  operatorların kompakt həyacanlanmalarının spektrlərinin araşdırılmasına tətbiq edilmişdir. Eləcə də, disk cəbrləri üzərində modullarda  holomorf vektorial meydanların yaratdığı çəkili tip inteqral operatorların (çəkili tip endomorfizmlərin) kompaktlıq, nüvəlilik xassələri, spektri və digər spektral xassələri araşdırılmışdır. 4 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru (Ph.D) hazırlamışdır.

90-cı illərin ikinci yarısında Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu tərəfindən  İran İslam Respublikasının Təbriz Universitetinə ezam olunmuş, 2000-ci illərin əvvəllərinə qədər bu  universitetdə professor vəzifəsində çalışmışdır. Aydın müəllimin bu ölkədə yetişdirdiyi kadrlar hal-hazırda İran İslam Respublikasını görkəmli kadrları sayılır.

Görkəmli alim, tanınmış pedaqoq və səmimi insan Şahbazov Aydın İsrafil oğlunun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət  eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.