Azərbaycanın elmi və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir

Funksiyalar nəzəriyyəsi və funksional analiz, diferensial tənliklər sahəsində tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor Allahverən Cəbrayıl oğlu Cəbrayılov 15 may 1940-cı il tarixində Fizuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsini fərqlənmə diplomu ilə bitirmiş, 1962-1965-ci illərdə V.A. Steklov adına Riyaziyyat İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra Moskva Fizika-Texnika İnstitutunda assistent vəzifəsində çalışmış, 1967-ci ildə V. A. Steklov adına Riyaziyyat İnstitutunda görkəmli alim akademik Lev Dmitriyeviç Kudryavtsevin rəhbərliyi ilə “Bəzi funksional fəzalarda funksiyaların xassələri haqqında” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1969-1971-ci illərdə V. A. Steklov adına Riyaziyyat İnstitutunun doktorantı olmuş, 1972-ci ildə ADU-da “Исследование дифференциально-разностных свойств функций, определенных в n-мерной области” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 1974-cü ildə professor elmi adına layiq görülmüşdür. 1972-ci ildən Moskva Energetika İnstitutunun “Ali riyaziyyat” kafedrasında dosent, 1974-1975-ci illərdə ADU-nun “Funksional analiz və funksiyalar nəzəriyyəsi” kafedrasının professoru, 1975-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ali riyaziyyat” kafedrasının müdiri vəzifələrində çalışmış, eyni zamanda universitetin və fakültənin elmi şuralarının və Təhsil Nazirliyinin riyaziyyat üzrə metоd şurasının üzvü olmuşdur.

Allahverən müəllim 2006-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinə rəhbərlik etmişdir. Şöbədə Furye və Bessel harmonik analiz problemləri və daxilolma teoremləri sahəsində elmi-tədqiqat işləri aparılmışdır.

“Современные проблемы математики” adlı kitabda qeyri-хətti diferensial tənliklər haqqında yazılan məqalələrdə prоfessоr Cəbrayılоvun qeyri-хətti diferensial tənliklər nəzəriyyəsinə aid оlan tədqiqatlarından geniş məlumat verilmişdir.

Allahverən müəllim 1970-ci ildən Amerika Riyaziyyat Cəmiyyətinin üzvü olmuşdur. Onun elmi əsərlərinin əksəriyyəti bu cəmiyyətin хətti ilə ingilis dilinə tərcümə edilmişdir. 1995-1996-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Kоmissiyasının Ekspert Şurasının üzvü olmuşdur.

Allahverən Cəbrayılоv təhsildə, elmdə və pedaqоji sahədə fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2001-ci ildə Fəхri Fərmanla təltif edilmişdir.

Allahverən Cəbrayılovun elmi rəhbərliyi ilə 10 nəfər fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru elmi dərəcələrini almışlar. O, 100-dən çox elmi əsərin və 2000-ci ildə nəşr edilmiş “Методы интегральных представлений в теории пространств” adlı mоnоqrafiyanın müəllifidir.

Ölümündən bir müddət öncə Allahverən Cəbrayılov zəngin şəxsi kitabxanasını (400-ə yaxın kitab) AMEA Riyaziyyat və Mexanika İnstitutuna bağışlamışdır.

Allahverən müəllim 8 iyun 2020-ci il tarixində vəfat etmişdir. Azərbaycan Riyaziyyat Cəmiyyəti və AMEA Riyaziyyat və Mexanika İnstitutunun kollektivi professor Allahverən Cəbrayılovun vəfatından kədərləndiklərini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.