Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Qarabağ tezliklə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına getmələri bir neçə məqamdan diqqət çəkdi. Əvvəla, bu, dövlətimizin başçısının Silahlı Qüvvələrimizin düşmən üzərində möhtəşəm Qələbəsindən sonra yağı tapdağından xilas olunan tarixi bölgəmizə ilk səfəri idi. Həmin səfər zamanı Ali Baş Komandan həm 44 günlük Vətən müharibəsində Prezident-Xalq-Ordu vəhdətinin məntiqi nəticəsi olaraq möhtəşəm qələbə qazanıldığını, həm də yolboyu şahidi olduğu erməni barbarlığı ilə bağlı acı təəssüratlarını ictimaiyyətlə bölüşdü, düşmənə bağışlanılmaz, insanlığa sığmayan əməllər törətdiyini bir daha xatırlatdı.

Bunu AZƏRTAC-a AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov bildirib.

E.Bağırov deyib ki, ölkə rəhbərinin bu səfər zamanı yerli sakinlər tərəfindən izdihamla qarşılanması, xalq sevgisi ilə üzləşməsi isə bir tərəfdən insanların öz Prezidentinə sıx bağlılığını, bu vəhdətdən irəli gələn sevgisini ifadə edirdisə, digər tərəfdən ona Qələbə minnətdarlığının, uğur duyğu-düşüncəsinin ifadəsi idi.

Azərbaycan Prezidentinin və birinci xanımın Xudafərin körpüsünə getmələri isə sözlə ifadəsi mümkün olmayan kövrək tarixi bir hadisə idi. Dövlətimizin başçısının Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırması müdrik rəhbərimizin tariximizə, mənəviyyatımıza nə qədər bağlı olduğunu göstərməklə bərabər, bizi qürurlandırdı, torpağımızın, Vətənimizin etibarlı əllərdə olması əminliyini bir daha möhkəmlətdi. Həmin görüntülər heç zaman unudulmayacaq tarixə çevrildi.

“Dövlətimizin başçısının bu səfəri zamanı diqqətçəkən tarixi bir məqamı da xatırlatmaq istərdim. Bu, artıq Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolunun inşasına başlanması idi. Ali Baş Komandan layihənin icrasının gedişi ilə tanış olduqdan sonra xalqımızı ürəkdən təbrik edərək, bu yolun çox böyük əhəmiyyətinin olduğunu bildirdi, bu yolun bizi Qarabağın tacı olan Şuşa şəhərinə apardığını vurğuladı. Prezident İlham Əliyev, həmçinin bu mühüm tikintinin işğaldan azad edilən torpaqlarda reallaşdırılan birinci layihə olduğunu diqqətə çatdıraraq dedi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Bəli, Füzuli-Şuşa avtomobil yolunun inşası Qarabağ torpaqlarına yeni nəfəs gəlməsi, yeni canlanma yaranması deməkdir. Bu yolun çəkilməsi şanlı Qələbəmizin təsdiqi, möhkəmlənməsi deməkdir. Bu yolun tezliklə istifadəyə verilməsinin nəzərdə tutulması qədim, əzəli ərazilərimizin yaxın dövrdə çiçəklənməsi, gülüstana çevrilməsi deməkdir.

Yeri gəlmişkən, onu da bildirmək istərdim ki, Prezident İlham Əliyev bu səfəri zamanı işğaldan azad olunan torpaqlarda düşmənin bütün infrastrukturumuzu dağıtdığını, kənd və şəhərlərimizi demək olar ki, yerlə-yeksan etdiyini, bununla da qəsbkarın rəzilliyini bütün dünyaya göstərdiyini vurğulayıb. Həmçinin vəhşi işğalçının Qarabağ torpağına vurduğu ziyanın dəqiq hesablanacağı, zərərçəkmiş bütün insanların dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlarını, bütün bu işlərin planlı şəkildə gerçəkləşdiriləcəyini diqqətə çatdırıb: “Böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.

Bəli, neçə illər işğalda qalan, dağıdılan, viranə qoyulan yurd yerlərimiz tezliklə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək, bu ərazilərdə yenə də sevinc, fərəh yaşanılacaq, amma erməni vandallığı, barbarlığı heç vaxt unudulmayacaq.

© Mənbə: www.azertag.az

Faydalı linklər