Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda tanınmış alim, akademik Zahid Xəlilovun 110 illik yubileyinə həsr olunmuş videokonfrans keçirilib


Bu gün 2021-ci il yanvarın 14-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib. Tədbiri  giriş sözü ilə açan institutun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Əməkdar Elm Xadimi, akademik Zahid Xəlilovun 110 illik yubileyinə həsr olunan elmi konfransda səbəbkarın həyat və yaradıcılığı haqqında danışıb. O bildirib ki, ölkəmizdə müasir riyaziyyat məktəbiminin banilərindən olan,  fəaliyyəti dünya riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilən görkəmli elm xadimi Zahid Xəlilovun Azərbaycan riyaziyyat elminə və onun inkişafına verdiyi töhfələr, bu sahəyə gətirdiyi elmi istiqamətlər və ideyalar bu elm sahəsini zənginləşdirmiş, neçə-neçə alimlərin yetişməsinə təkan vermişdir.

Görkəmli alimin həyat yolundan bəhs edən professor M.Mərdanov qeyd etmişdir ki, Zahid İsmayıl oğlu Xəlilov 1911-ci il yanvarın 14-də Tiflis şəhərində anadan olmuş, burada orta məktəbi və pedaqoji texnikumu bitirdikdən sonra 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə daxil olmuşdur. 1930-cu ildə Universitet fəaliyyətini dayandırdıqdan sonar, Zahid Xəlilov təhsilini Pedaqoji Universitetdə davam etdirmişdir.

Z.Xəlilov elmi fəaliyyətə 1937-ci ildə Tiflisdə Stefan Berqmanın rəhbərliyi altında aspirant kimi başlamş, sonralar SSRİ Elmlər Akademiyasının (EA) akademiki N.Musxelişvilinin rəhbərliyi altnda elastiklik nəzəriyyəsi ilə məşğul olmuşdur.  Görkəmli alim 1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda yeganə riyaziyyatçı olaraq elmi fəaliyyətə başlamışdr.

Natiq vurğulamışdır ki, Z.Xəlilov doktorluq elmi dərəcəsi almış ilk azərbaycanlı riyaziyyatçı idi. Onun 1946-cı il iyun ayının 3-də, 35 yaşında Tbilisi Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasında aldığı elmi nəticələr riyaziyyat elminin qızıl fonduna daxil edilmişdir. Konkret tətbiqi əhəmiyyəti olan məsələlərin həlli üçün yeni metodlar yaratması və onları uğurla bu məsələlərin həllinə tətbiq etməsi istedadlı alimin yaradıcılığının xarakterik cəhətlərindən idi.

Professor M.Mərdanov funksional analiz üzrə SSRİ miqyasında rus dilində “Funksional analizin əsasları” adlı ilk dərsliyin 1949-cu ildə Z.Xəlilov tərəfindən yazıldığını diqqətə çatdırıb.

Tədbirdə AMEA–nın müxbir üzvü, professor Bilal Bilalov, professor Lətif Talıblı, professor Əkbər Əliyev, dosent Əbdürrəhim Quliyev, dosent Əli Babayev digər çıxış edənlər alimi elmi sahəsində dərin bilik və zəkaya, əsl ziyalılıq, alimlik və vətəndaşlıq mövqeyinə malik sadə, xeyirxah və müdrik insan kimi xarakterizə etdilər. Xüsusi vurğulandı ki, akademik Zahid Xəlilov dünyada tanınan nüfuzlu riyaziyyatçı, Azərbaycanda funksional analiz məktəbinin banisi, nəzəri mexanikanın yaradıcısı kimi tanınır və qeyd-şərtsiz qəbul olunur.

Zahid Xəlilovun elmi yaradıcılığı barədə geniş məlumat verən professor Məmməd Bayramoğlu qeyd etdi ki, alimin  əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir. Bundan başqa, o poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, Furye sıralarının analoqunu və qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu vermiş habelə, mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaratmışdır.

Tədbirdə iştrak edənlər AMEA Riyaziyyat və Mexanika İnstitutuna görkəmli riyaziyyatçı alim Zahid Xəlilovun adınnın verilməsi ilə bağlı təkliflə çıxış etdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər