Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Heydər Əliyevin əsasını qoyduğu dövlət təhsil siyasəti Azərbaycanın müstəqilliyi üçün intellektual baza rolunu oynayıb


1969-cu ilin 14 iyul tarixi Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malikdir. Çünki ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə təqvimimizə yazılan bu gün müasir tariximizin ən şanlı və parlaq salnaməsinin əsasını qoydu. Bu tarixi dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə yazdı. Azərbaycan tarixində dönüş nöqtəsi olaraq dəyərləndirilən həmin gün xalqın xilasının birinci mərhələsi olaraq müstəsna əhəmiyyətə malikdir. Xilaskarlıq missiyası Ulu Öndərin sanki taleyinə yazılmışdı, çünki Azərbaycanda hakimiyyətinin həm birinci dönəmində, həm də müstəqillik qazandıqdan sonrakı dövrdə ölkədə yaranmış çətin durumda ümidlər yalnız dahi rəhbər Heydər Əliyevə idi.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, 1969-1982-ci illəri nahaq yerə müstəqil Azərbaycan dövlətçiliyinin təməlinin qoyulduğu dövr adlandırmırlar. Bugünkü müasir Azərbaycanın sosial-iqtisadi inkişafının əsası məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətinin birinci dönəmində qoyulub. Bu elə bir dövr idi ki, torpağının altı da, üstü də sərvət olan Azərbaycan bu nemətlərin sahibi ola-ola bu sərvətləri başqaları mənimsəyir, potensial imkanlar başqalarının mənafeyinə xidmət edirdi. Ölkə əhalisinin rifahı isə ilbəil aşağı düşür, bütün sahələrdə geriləmə müşahidə olunurdu. Təbii ki, bu vəziyyət təhsildən də yan keçməmişdi. Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, təhsildə də köklü islahatlar aparılmağa başlandı. Digər mühüm məsələlər kimi aktual hesab olunan təhsil Ulu Öndərin qayğısı, diqqəti ilə əhatəli quruculuq yoluna qədəm qoydu. Çünki bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan görkəmli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, tərəqqinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Cəmiyyətin inkişaf zəminini haqlı olaraq təhsildə və maarifçilikdə görən dahi rəhbər bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. O dövrdə Azərbaycan təhsilinin inkişafına mane olan bəzi amilləri aradan qaldıran ümummilli lider Heydər Əliyev mövcud imkanları ölkənin elm-təhsilinin inkişafına, mədəni-intellektual resurslarının gücləndirilməsi işinə səfərbər etdi.

BŞTİ-nin müdiri qeyd edib ki, ötən əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, onların maddi-texniki bazasının formalaşdırılması, Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrdəki ali məktəblərə göndərilməsi kimi mühüm addımlar gələcəyin milli müstəqilliyi üçün intellektual baza rolunu oynadı. Ölkədə məktəblər, ali və orta ixtisas müəssisələri üçün yeni binalar tikildi, təhsil infrastrukturu tamamilə yeniləndi. Bu baxımdan həmin tarixi dövrün Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi səciyyələndirilməsi də təsadüfi deyildi. Ölkənin ali məktəblərində 100-dən artıq ixtisas açıldı, 6 yeni ali məktəb yaradıldı, 12 orta ixtisas məktəbi fəaliyyətə başladı. Həmin illərdə milli kadr potensialının, ən zəruri ehtiyac duyulan, həmçinin o dövr üçün nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması da Heydər Əliyevin diqqət mərkəzində idi. Ulu Öndər hər il azərbaycanlı gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymaqla bu məqsədini uğurla həyata keçirirdi. On beş minə yaxın azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarına təhsil almağa göndərilmişdi, hər il xaricə 800 tələbə yola salınırdı. Bu, o dövr üçün böyük bir rəqəm idi. Sevindirici hal odur ki, həmin o gənclərin əksəriyyəti bu gün həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, ölkə iqtisadiyyatının, elminin, təhsilinin inkişafına öz töhfələrini verirlər. Əminliklə deyə bilərik ki, ötən əsrin 70–80-ci illərində görkəmli dövlət xadimi Heydər Əliyevin yaratdığı zəngin təhsil ənənələri olmasaydı, bu gün rəqabətəqabil təhsil sisteminə malik ola bilməzdik. Bütün bu uğurların təməlində uzaqgörən liderin yorulmaz fəaliyyəti dayanır.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra da ölkədəki mövcud durum bütün sahələrdə olduğu kimi, təhsilə də öz mənfi təsirini göstərmişdi. Həmin dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider bu dəfə də milli tərəqqinin yolunun təhsildən keçdiyini əsas gətirərək geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılmasını bir vəzifə olaraq qarşıya qoydu. “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 1998-ci il 30 mart tarixli Sərəncam bu sahədə mükəmməl qanunverici bazanın formalaşdırılması işinə xidmət edirdi. 1999-cu il 15 iyun tarixli Sərəncamla qüvvəyə minən “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı” isə milli təhsil ənənələrinə sadiq qalmaqla təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etdi.

“İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”, – deyən ümummilli lider Heydər Əliyev bu sözləri ilə ümumi orta təhsil sistemində ciddi islahatlar aparılmasının vacibliyinə diqqəti çəkmişdi. Bu islahatlar yönündə atılan ən böyük addım latın qrafikalı əlifbaya keçid oldu. Ulu Öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” Fərmanı Azərbaycan əlifbasının “kiril dövrü”nü tarixə qovuşdurdu. Bu Fərman dahi rəhbərin ümumi təhsildəki ən ciddi yeniliklərindən biri idi. Ümummilli Liderin təhsilə diqqətinin daha bir nümunəsi kimi ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərə “Prezident təqaüdü”nün verilməsi ilə bağlı qərarıdır ki, bu addım gənclərin daha əzmlə çalışması, daha mükəmməl bilik və bacarıqlara yiyələnməsi üçün bir stimul oldu.

Ulu Öndərin bir-birinin ardınca imzaladığı “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramının təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın təsdiq edilməsi haqqında” tarixi sənədlər milli təhsilimizin mühüm problemlərinin həlli yolunda ciddi addım olmaqla bu sahədə əsaslı dönüş yaradılmasına imkan yaratdı.

“Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyasını bu gün uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində icra edilən dövlət proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. “Təhsil hər bir dövlətin gələcəyidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə təhsilin keyfiyyəti indi ön plana çıxır”, – deyən Prezident İlham Əliyevin təhsilə olan bu qayğı və diqqəti onu göstərir ki, ölkə rəhbəri gələcəyin daha etibarlı təminatı üçün Azərbaycan təhsilinin inkişafını dövlət siyasətinin başlıca istiqamətlərindən biri olaraq görür.

Sevindirici haldır ki, dövlət başçısının neft kapitalının insan kapitalına çevrilməsinə yönəlmiş siyasətinə uyğun olaraq yetişən yüksək səviyyəli gənc mütəxəssislər Zəfər günündən sonra misilsiz quruculuğa başlayan Azərbaycanın memarlarına çevriliblər. Prezident İlham Əliyevin sərrast siyasi strategiyasının nəticəsində formalaşan vətənpərvər və müasir biliklərə sahib gənclər ordusu ölkəmizin tərəqqisi yolunda yeni perspektivlər açan fövqəladə bir güc, dünyaya işıq saçan bir qüvvədir. Sözsüz ki, bütün sahələrdəki nailiyyətlər, o cümlədən təhsil uğurları ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu etibarlı təməllərə söykənir, daha parlaq gələcək üçün yeni hədəflər müəyyənləşdirir”, – deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.

azertag.az

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    479814

  • Sağalan

    449047

  • Yeni yoluxan

    1099

  • Aktiv xəstə

    24334

  • Ölüm halı

    6433

  • Test edilib

    4,814,503

Faydalı linklər