Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“1920-ci ilədək ali təhsil almış azərbaycanlılar” haqqında nəşr olunmuş kitab


Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının 5-ci cildi işıq üzü görüb. “Təhsil” nəşriyyatında çap olunan kitab 616 səhifədən ibarətdir.

Kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Yaqub Mahmudovdur.

Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsilimiz olub. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir və müəlliflərin Bakıdan başqa Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis… kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli gərgin araşdırmalar apardıqdan sonra oradan gətirdikləri zəngin bəlgələr, sənədlər əsasında qələmə alınıb.

Beşinci cilddə soyadları “M” hərfi ilə başlanan 97 soydaşımız haqqında məlumat verilir. Onların sırasında Azərbaycanın ictimai-siyasi, mədəni və elmi həyatında çox mühüm xidmətləri olmuş Həbib bəy Mahmudbəyli, Teymur bəy Makinski, Abbas Səhhət Mehdizadə, Əbdülkərim bəy Mehmandarov və onun övladları, Qazıəhməd bəy Məhəmmədbəyov, Mirzə Yusif Xan Məhəmmədbəyov, Xudadad bəy və Teymur bəy Məlikaslanov qardaşları, Həsən bəy Məlikzadə-Zərdabi və onun oğlu Midhət bəy, qardaşı oğlu Rəhim bəy, Miryusif Mirbabayev, Miryaqub Mirmehdizadə, Hüseyn bəy Mircamalov, Mirzələtif Mirzəyev, Canbaxış bəy Muğanlinski, Süleyman bəy Musabəyov, Qəzənfər Musabəyov, Əliheydər Mustafabəyov (Şirvani) və başqaları haqqında nadir arxiv sənədlərinə əsasən geniş tərcümeyi-halı verilmişdir. Qeyd etmək lazımdır ki, onların əksəriyyəti haqqındakı yeni bilgilərlə oxucular ilk dəfə tanış olacaqlar.

Əsər bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər