Riyaziyyat və Mexanika İnstitutu
Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmazdır


Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.  Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü.  Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi. Nəhayət qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında  “Azərbaycanın dövlət müstəqilliyi haqqında  Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Azərbaycan Respublikasında 1991-ci il dekabrın   29-da ümumxalq səsverməsi keçirildi.

Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Səsvermə hüququ olanların 95%-dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.

2 mart 1992-ci il Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə onun beynəlxalq aləmdə de-fakto tanınmasına  zəmin yaratdı.

XX-XXI əsrlərin qovşağında Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, siyasi fəaliyyətinin bəhrəsidir. Ulu öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının əsas istiqamətləri kimi müəyyənləşdirdi.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.

Ümummilli Liderimiz dünyaya onu da sübut etməyi bacardı ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Həmin ənənəni bu gün uğurla davam etdirən, Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Prezident İlham Əliyevin son 18 ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir.

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 30 il ötür. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.

Bu gün Azərbaycan bayrağı 30 ildən sonra işğaldan azad olunan torpaqlarda dalğalanır. İlk növbədə Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük möhtəşəm zəfər yürüşünü həyata keçirən, öz torpaqlarının bir qarışını da Ermənistana güzəştə getməyən şanlı  Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin və qazilərimizin müqəddəs qanı bahasına başa gəldi.  Ölkəmizin qazandığı bu qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımıza əbədi olaraq həkk olunacaq.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir, müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

    599713

  • Sağalan

    569238

  • Yeni yoluxan

    0

  • Aktiv xəstə

    22456

  • Ölüm halı

    8019

  • Test edilib

    5,633,054

Faydalı linklər