Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

BEYNƏLXALQ TEXNOLOJİ BAZARLARDA AZƏRBAYCAN İNNOVASİYASI


Elm və texnologiyanın müasir inkişaf mərhələsində dövlətin nüfuzu və dünya miqyasında yeri, yüksək rəqabətli elmi texniki mühitdə daha çox, ölkənin texnoloji potensialı ilə müəyyən edilir.
Sevindirici haldır ki, belə mürəkkəb geosiyasi və iqtisadi şəraitdə son illər Respublika rəhbərliyinin elmə hərtərəfli dəstəyi nəticəsində Azərbaycan alimləri dünya energetika sənayesinə öz qabaqcıl innovasiyalarını və nailiyyətlərini təklif edə bilmişlər.

Bunun nəticəsi kimi, AMEA Riyaziyyat və Mexanika İnstitutunun kollektivi tərəfindən “Layların neftveriminin artırılması” elmi praktiki layihəsinin Çin Xalq Respublikasının neft-qaz yataqlarında effektiv tətbiqini göstərmək olar. AMEA–nın tədqiqat kollektivi və “GCC Group Corp.” Çin innovativ mərkəzi arasında olan çoxillik elmi-texniki əməkdaşlığı nəticəsində Azərbaycan alimlərinin yaratdığı qabaqcıl və effektiv texnologiyanı Çinin neft-qaz poliqonuna çıxartmaq mümkün olmuşdur.

Çin Xalq Respublikasının mütəxəssislərinin dəvət ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Maye və qaz” şöbəsinin müdiri, AMEA–nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov və həmin şöbənin aparıcı elmi işçisi, t.e.n., dos. Eldar Abbasov Çinin dənizdə neft çıxaran ən böyük “CNOOC” (Petrochina) şirkətinin baş ofisində olmuşlar.

Görüşün gedişində Çin mütəxəssisləri ilə mürəkkəb dəniz neftçıxarma şəraitində çətin çıxarılan neft ehtiyatlarındakı problemlər müzakirə edilmiş və həlli üsulları verilmişdir.

Azərbaycan alimləri tərəfindən Azərbaycanın, Rusiya Federasiyasının , ABŞ – ın bir çox neftçıxarma regionlarında geniş tətbiq edilmiş laydaxili qaz yaratmaqla durğun zonalardakı qalıq neftlərin sıxışdırılması üçün innovativ həllər və yeni effektiv texnologiya təklif olunmuşdur.

Bu texnologiyanın tətbiqi müxtəlif geoloji-texniki şəraitlərə malik olan Çin Xalq Respublikasının neft yataqlarında da öz təsdiqini tapmışdır. Növbəti mədən əməliyyatının tətbiqi Bohay körfəzinin (Bohai Bay) neftçıxarma platformasında həyata keçirilmişdir.

Bu məqsədlə xüsusi reagentlər seçilmiş, texnoloji sxem, iş planları təsdiq edilmiş və əməliyyatın təhlükəsiz aparılması üçün icra sxemi yaradılmışdır.

Yataqda texnologiyanın tətbiqinin texniki nəticəsi, onun effektivliyinin yüksəlməsinə, o cümlədən, lay təzyiqinin saxlanması, çıxışda sulaşmanın azaldılması, su vurma sərhədinin düzləndirilməsi və sıxışdırılmada layda əhatəni genişləndirməklə neftveriminin artırılmasından ibarətdir.

Azərbaycan alimlərinin təklif və tətbiq etdiyi texnologiya neftin artmasını, laya suvurma şəraitinin yaxşılaşmasını və çıxışda sulaşmanın azalmasını təmin etmişdir.

Aparılan mədən əməliyyatından sonra texnoloji effektin gözləmə müddətinə uyğun olaraq (01.08.2017 – 30.11.2017) Çin mütəxəssisləri tərəfindən ətraf istismar quyularının göstəricilərinin effektivliyinin qiymətləndirməsi aparılmışdır.

“CNOOC” neft şirkəti texnologiyanın iqtisadi və texnoloji effektivliyə, neftçıxarmada xeyli artıma və işlənmənin yüksək rəqabətə malik olduğunu təsdiq etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər