Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan alimi Misir Ərəb Respublikasında beynəlxalq konfransda iştirak edib


25 yanvar-01 fevral 2019-cu il tarixlərində Misir Ərəb Respublikasının Xurqada şəhərində “Qeyri müəyyənliklər şəraitində qərarların qəbul edilməsi” adlı beynəlxalq konfrans keçirilib. Ənənəvi olaraq hər il müxtəlif ölkələrdə təşkil olunan və sayca 33-cü olan bu konfransda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Soltan Əliyev də iştirak edib.

Konfransda Almaniya, Çex Respublikası, Polşa, Avstriya, Ukrayna, Gürcüstan və Azərbaycandan olan mütəxəssislər elmi məruzələrlə çıxış ediblər.

Professor Soltan Əliyev təşkilat komitəsinin üzvü kimi bir dəfə konfransın açılış mərasimində, sonra isə seksiya iclasında  “Bellman-Xaris şaxələnən proseslər ardıcıllığının  İrjin prosesinə yığılması” mövzusunda elmi məruzə ilə çıxış edib.

Bundan başqa S. Əliyev konfransın gedişində professorlar Yaros Mixelik (Çex Respublikası), Yaroslav Çabanyuk (Polşa), Yuri Yermoleev (Avstriya), Aleksandr Nakoneçniy (Ukrayna), Yaroslav Yeleyko (Ukrayna), İbram Didmanidze (Gürcüstan) ilə əlaqələrin yaradılması və möhkəmləndirilməsi istiqamətində danışıqlar aparıb.

Sonda konfransın təşkilat komitəsinin yığıncağında növbəti konfransın 2020-ci ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər