Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika institutunun əməkdaşları Polşa respublikasında «Geopetrol-2014» Beynəlxalq Elmi Konfransda iştirak etmişlər


15-23 sentyabr 2014-cü il tarixində Polşa Respublikasının Zakopane və Krakov şəhərlərində «Geopetrol-2014» Beynəlxalq Elmi Konfransı keçirilmişdir.
Konfransın işində Azərbaycan elmi nümayyəndələri – AMEA-nın Vitse-Prezidenti, akademik İbrahim Quliyev, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, f.-r.e.d. professor Soltan Əliyev, «Maye və qaz mexanikası» şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov, aparıcı elmi işçisi, t.e.n. Eldar Abbasov iştirak etmişlər.
Polşa Neft və Qaz İnstitutunun (Krakov ş.) təşkilatçılığı və neftqaz sənayesinin aparıcı təşkilatlarının dəstəyi ilə keçirilən konfransın mövzusu geoloji və geofiziki üsulların neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsində tətbiqi, seysmik göstəricilirən interpretasiyası, modelləşdirmə, karbohidrogen yataqlarının proqnozlaşdırılması, risk məsələləri, neftveriminin artırılması və intensifikasiyası üçün təsir texnologiyalarının yaradılması və çətin çıxarılan karbohidrogen ehtiyat yataqlarının işlənməsi kimi sahələri əhatə etmişdir.
Konfransın işində 12 ölkədən – Polşa, Rusiya Federasiyası, Ukrayna, Azərbaycan, Belarus, Latviya, Fransa, İtaliya, Norvec, Kanada, Almaniya və ABŞ-dan nümayəndələr iştirak etmişdir.
Azərbaycan alimləri 2 elmi məruzə ilə çıxış etmişlər: «Laya qazla təsir etmə – karbohidrogenləri çətin çıxarılan yataqlarda tətbiq təcrübəsi» və «İqtisadi risk şəraitində neft yatağının işlənməsi üçün investisiya layihəsinin optimal variantının seçimi».
Hər iki məruzə boyük maraqla dinlənilmiş və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Konfransın gedişində bir çox xarici ölkə alimləri ilə elmi müzakirələr aparılmış və qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin labüdlüyü müzakirə edilmişdir. Bu istiqamətdə Polşa Respublikasının Neft və Qaz İnstitutu (Krakov şəhəri), AMEA-nın Geologiya və Geofizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu arasında geologiya və geofizika, maye və qaz mexanikası, həmçinin neftqazçıxarmada innovasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq haqqında müqavilə razılaşdırılmışdır.

Faydalı linklər