Professor Əkbər Bayram oğlu Əliyev 1950-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində anadan olub. 1972–ci ildə Azərbaycan Dövlət Universitetinin  (Bakı Dövlət Universiteti) Mexanika – Riyaziyyat  fakültəsini Riyaziyyat ixtisası üzrə bitirib. 

1972-1975-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunun nəzdində Riyazi  fizika  ixtisası  üzrə aspiranturada oxuyub. 1975-ci idə həmin institutda  kiçik  elmi  işçi  vəzifəsinə  qəbul  edilib, sonra  isə  baş  elmi  işçi  vəzifəsini  icra  edib.

1976-cı ildə Diferensial  tənliklər ixtisası  üzrə  “Evolyusion tənliklərin və xüsusi  törəməli hiperbolik tənliklərinin həllərinin  xarakteri”  mövzusunda  namizədlik  disertasiyasını, 1988-ci  ildə isə Gürcüstanın Razmadze  adına  Riyaziyyat  İnstitutunda  Diferensial  tənliklər ixtisası  üzrə  “Qeyri  xətti  hiperbolik  tənliklər  üçün  qlobal  həll  oluna bilən  məsələlər” mövzusunda  doktorluq  dissertasiyasını  müdafiə  edib.

1981-ci  ildə Azərbaycan Politexnik İnstitutuna  dosent  vəzifəsinə işə götürülüb. 1989-2001-ci  illər  arasında  Tətbiqi  Riyaziyyat  kafedrasına  rəhbərlik  edib. 2001-ci  ildən Azərbaycan Texniki  Universitetinin Riyaziyyat  kafedrasının professorudur. 1991-ci  ildən Riyaziyyat  kafedrasının  nəzdində  fəaliyyət  göstərən   “Bəzi  qeyri-stasionar proseslərin riyazi  modelləşməsi”  Elmi- tədqiqat laboratoriyasına  rəhbərlik   edib.

1996-cı  ildən Riyaziyyat və Mexanika İnstitutunda  baş  elmi  işçi  vəzifəsində  çalışır, 2013-cü  ildən isə həmin institutun Diferensial tənliklər şöbəsinin  müdiridir.

Müxtəlif illərdə bir sıra ali məktəblərdə (Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti) pedaqoji fəaliyyətlə məşğul olub.

O, öz nümunəvi davranışı, yüksək əxlaqi keyfiyyətləri ilə kollektivin hörmətini qazanmışdır. Qayğıkeş rəhbər, gözəl ailə başçısıdır. 150-dən  çox  elmi  əsərin,  3 dərs  vəsaitinin müəllifidir. 10-dan çox  fəlsəfə  doktoruna  rəhbərlik edib.

Riyaziyyat və Mexanika İnstitutunun kollektivi Əkbər müəllimi 70 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uğurlu həyat yolu, sevincli günlər elmi işlərində yeni yeni nailiyyətlər arzulayır.