AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 15 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının 15 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov son illər AMEA-da çalışan gənclərin elmi-ictimai fəallığının yüksəldiyini söyləyib. Bildirib ki, elmin inkişafında gənclərin rolu çox önəmlidir. Bu baxımdan onlar daima öz bilik və bacarıqlarını inkişaf etdirməli və dünya elminə inteqrasiya etməlidirlər. O, həmçinin gənclərə dəyərli məsləhətlər verib və fəaliyyətlərində uğurlar arzu edib.

Sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov bildirib ki, Riyaziyyat və Mexanika İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti həmişə qənaətbəxş olub. O, vurğulayıb ki, AMEA-da gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən adlı mükafatların və elmi müsabiqələrin qaliblərinin içərisində həmişə Riyaziyyat və Mexanika İnstitutunun alimlərinin olması bu müəssisənin alimlərinin fəaliyyətinin nəticəsidir.

Daha sonra AMEA-nın müxbir üzvləri, professorlar Vaqif Quliyev, Bilal Bilalov, Qeylani Pənahov, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına əlyazmalar institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva, RMİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının ilk sədri riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov, ikinci sədri AMEA-nın professoru Rövşən Bəndəliyev alimlərə çətin və məsuliyyətli işlərində uğurlar arzu ediblər.

Riyaziyyat və Mexanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Famil Seyfullayev çıxış edərək şuranın fəaliyyətinin institut rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd edib. O, gənclərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda fəxri fərmanlar, elmi fəaliyyətə görə fərqlənən beş alimə diplomlar, fəal gənc alimlərə sertifikatlar, təşkilatçılığa görə təşəkkürnamələr təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Akademik Blaqovest Xrista Sendov “Kompleks çoxhədlilər üçün ekstremal məsələlər” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Bolqarıstan Riyaziyyat və İnformatika İnstitutunun akademiki Blaqovest Xrista Sendov “Kompleks çoxhədlilər üçün ekstremal məsələlər” mövzusunda məruzə edib.

Məruzə kompleks çoxhədlilər üçün ekstremal məsələlərin həllərinin araşdırılmasına həsr olunub. Bunun üçün ilk əvvəl çoxhədlinin apolyarlıq anlayışından və klassik Qreys teoremindən istifadə edilərək, çoxhədlinin lokusu anlayışı daxil edilib. Lokusların bir sıra xassələri təqdim olunub.

Sonda Roll teoreminin kompleks çoxhədlilərə tətbiqi göstərilib.

Seminar iştirakçıların böyük marağına səbəb olub, mövzu ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Riyaziyyat və Mexanika İnstitutunda Respublika Günü qeyd olundu

Bu gün 28 May – Respublika Gününü ilə əlaqədar olaraq Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının Təşəbbüsü ilə Azərbaycan Respublikası III (2005) və IV (2010) çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü – Qənirə Paşayeva və Türkiyənin tanınmış yazarı Məryəm Aybikə Sinan ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov hamını Respublika Günü münasibəti ilə təbrik etdi və Milli Məclisin deputatı Qənirə Paşayevaya dəvəti qəbul etdiyinə görə minnətdarlığını bildirdi.

Sonra Qənirə Paşayeva qeyd etdi ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də Çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Sonda qonaqlara institutun HİK tərəfindən hədiyyələr təqdim olundu. Qənirə Paşayeva “Allah sevən qəlblərdədir” kitabını və Məryəm Aybike Sinan isə “Raziye Begüm Sultan”, “Aşk-ı Revan” kitablarını institutun əməkdaşlarına hədiyyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin magistrantlarının dissertasiya işlərinin müzakirələri aparılıb.

1) Fidan Əlizadə “Heyzenberq qruplarında təyin olunmuş maksimal və kəsr-maksimal operatorların Morri tipli fəzalarda məhdudluğu və bəzi tətbiqləri”;

2) Dünya Əliyeva “Hausdorf operatorunun Lebeq tipli fəzalarda məhdudluğu və kompaktlığı”;

2) Elvin Sadıqov “Dəyişən dərəcəli və qarışıq normalı Lebeq fəzasında bəzi inteqral operatorlar”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

14.03.2019-cu il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi r.e.d, professor Yaqub Şərifov “Bəzi qeyri-lokal şərtli sərhəd məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqi” mövzusunda məruzə edəcəkdir.

Məruzədə bəzi qeyri-lokal sərhəd məsələləri (üçnöqtəli, üçnöqtəli və inteqral, üçnöqtəli və impulsiv və s.) məsələləri və onlarla təsvir olunan optimal idarəetmə məsələləri tədqiq olunacaqdır. Sərhəd məsələlərində həllin varlığı və yeganəliyi üçün kafi şərtlər, optimal idarəetmə məsələlərində isə optimallıq üçün zəruri şərtlər alınacaqdır (davamı).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Grand-Lebesgue fəzalarında approksimasiyanın bəzi sualları” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda  Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Qeyri-harmonik analiz” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dos. Miqdad İsmayılov “Grand-Lebesgue fəzalarında approksimasiyanın bəzi sualları” mövzusunda məruzə edib.

Məruzədə L p)( – π; π), p > 1, grand-Lebesgue fəzalarda G p)( – π; π) alt fəzası təyin edilib.  [-π; π] parçasında kəsilməz finit funksiyalar C 0∞ – π; π ] çoxluğunun G p)( – π; π) fəzasında sıx olduğu göstərilib. G p)( – π; π), p > 1 fəzasında triqonometrik və eksponent sistemlərin bazislik xassələri öyrənilib. Vahid dairədə analitik funksiyaların  H p)± grand-Hardi sinifləri təyin olunub. Bu siniflərdə klassik Riss, Smirnov teoreminin analoqlarının və Koşi düsturunun doğruluğu üçün zəruri və kafi şərtlər tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.