Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunu 80 yaşı münasibətilə təbrik edirik!


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunu 80 yaşı tamam olur.

Əziz və hörmətli Məmməd müəllim!

Sizi yarıməsrdən çox işlədiyiniz Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları və şəxsən öz adımdan anadan olmanızın 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, elm və təhsil sahəsində fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram. Siz 1962-ci ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat ixtisası üzrə fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin vaxt Murmansk vilayətinin Kandalakşa şəhərində ordu sıralarında hərbi xidmət etmisiniz. 1964-cü ildə iki ay əvvəl ordudan tərxis edildikdən sonra Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına qəbul olunmuş, 1969-cu ildə akademiklər Fəraməz Maqsudov və Mirabbas Qasımovun rəhbərlikləri ilə “Öz-özünə qoşma və qoşma olmayan bəzi diferensial operatorların spektral xassələri” mövzusunda namizədlik, 1987-ci ildə Gürcüstan EA-nın A.Razmadze adına Riyaziyyat İnstitutunda “Вопросы спектральной теории дифференциально-операторных уравнений” mövzusunda Diferensial tənliklər və Riyazi analiz ixtisasları üzrə doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmisiniz. Sizin Azərbaycanda və Türkiyədə yetişdirdiyiniz tələbələrinizin bir neçəsi elmlər doktoru və professor kimi müxtəlif universitetlərdə və elmi müəssisələrdə fəaliyyət göstərirlər. 10-dan artıq doktorluq, 50-dən çox namizədlik dissertasiyalarına opponentlik etmiş, çoxsaylı dissertasiyaların rəsmi rəyçisi olmusunuz. Hörmətli Məmməd müəllim! Siz görkəmli alim, gözəl insan, xeyirxah dost, qayğıkeş müəllim və səmimi ailə başçısı kimi riyaziyyat elmində seçilən və hörmət edilən alim və şəxsiyyətlərdən birisiniz. Bu gün Sizin 80 yaşınız tamam olur. 80 yaş insan ömrünün elə bir mərhələsidir ki, insan istər-istəməz keçdiyi həyat yoluna nəzər salır, bu dövrdə əldə etdiyi nailiyyətləri yada salır. Siz xoşbəxt insansız ki, bu müddətdə gördüyünüz işlərin xalqa və millətə xeyirli olduğunun şahidisiniz. Siz xalq içərisində böyük hörmət və ehtiram qazanmış tanınmış ağsaqqal alimsiniz. Siz Azərbaycanda diferensial operatorların spektral nəzəriyyəsi məktəbini yaratmış, akademik Mirabbas Qasımovun layiqli varisi və davamçısısınız. Spektral analizin bir çox istiqamətlərində aldığınız elmi nəticələr keçmiş Sovetlər birliyinin görkəmli alimləri Lenin mükafatı laureatı, professor Boris Moiseyeviç Levitan, akademik Vladimir Aleksandroviç Marçenko, professor Anatoliy Qordeyeviç Kostyuçenko, akademik Vladimir Aleksandroviç İlyin, akademik Muxtarbay Otelbayev və başqaları tərəfindən yüksək qiymətləndirilmişdir. Çox hörmətli Məmməd müəllim! Sizi bu şanlı yubileyiniz münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun kollektivi adından bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, riyaziyyat elminin və təhsilinin inkişafı yolunda göstəridiyniz səmərəli və məqsədyönlü fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər