Telman Qasımov 28 oktyabr 1959-cu ildə  Azərbaycan Respublikası, Dağlıq Qarabağ, Xankəndi rayonunda anadan olmuşdur.

T.B.Qasımov uzun illərdir ki, BDU-nun mexanika-riyaziyyat fakültəsində elmi-pedaqoji fəaliyyət göstərir. O, 1981-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinatla AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunda baş laborant vəzifəsində işləmişdir. 1983-1985-ci illərdə AMEA-nın xətti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində akademik V.A.Sadovniçiyin rəhbərliyi altında elmi araşdırmalar aparmış və 1985-ci ildə MDU-nun mexanika-riyaziyyat fakültəsinin aspiranturasının əyani şöbəsinə qəbul olunmuşdur. 1988-ci ildə MDU-da namizədlik dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-2008-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

T.B.Qasımov 1993-1999-cu illərdə Azərbaycan Raspublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, mayor rütbəsində ehtiyata buraxılmışdır. Həmin illərdə o, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir və Qarabağ mühribəsi veteranıdır.

T.B.Qasımov 2001-2007-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat və tətbiqi riyaziyyat fakültələrində saat hesabı qaydada, 2007-2008-ci illərdə “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasında əvəzçiliklə 0,5 ştat dosent, 2008-ci ildən isə həmin kafedrada tam ştat dosent vəzifəsində çalışır. 2018-ci ildə dissertasiya müdafiə edərək riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.

T.B.Qasımov  80-dən çox elmi məqalə və tezisin müəlifidir. Bunlardan 40-ı məqalə (17-si xarici jurnallarda, 7-si indeksli jurnallarda dərc olunub), qalanları isə müxtəlif beynəlxalq və respublika miqyaslı elmi konfransların materiallarında dərc olunmuş tezislərdir. O, 2018-ci il oktyabr ayında Rusiya Federasiyasının Ufa şəhərində keçirilən “Spektral nəzəriyyə və yaxın məsələlər” adlı Beynəlxalq Konfransda plenar məruzəçi qismində çıxış etmişdir. T.B.Qasımov  iki dəfə (2014-2015 və 2018-2019) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, habelə 2018-ci ildə BDU-nun təsis etdiyi “50+50” qrant müsabiqəsinin qalibi olmuşdur.

T.B.Qasımov  hər tədris ilində 500-550 saat dərs yükü yerinə yetirir, magistr və buraxılış işlərinə, həmçinin doktorant və dissertant işlərinə rəhbərlik edir. Kafedra, fakültə və Universitetdə aparılan tədris-metodiki və ictimai işlərdə, imtahan proqramlarının tərtibində fəal iştirak edir. T.B.Qasımov istedadlı alim və təcrübəli müəllimdir. Müəllim kollektivi və tələbələrin dərin hörmətini qazanmışdır. Bu sahədəki xidmətlərinə görə o, 2009-cu ildə BDU-nun fəxri fərmanı ilə təltif edilmişdir. T.B.Qasımov həmçinin 2017-2018-ci tədris ilində Respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə münsiflər  heyətinin üzvü olaraq Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif edilmişdir.

Hal-hazırda Telman Qasımov “Funksiyalar nəzəriyyəsi və funksional analiz” şöbəsində çalışır.         

İnstitutun kollektivi Telman Qasımov 60 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayır.