30/01/2025
2030-cu ilə qədər süni intellekt (AI) dünyanın qabaqcıl müəssisələrində tətbiqlərin əsas istifadəçisi kimi insanı əvəz edəcək. Bu barədə Accenture konsaltinq şirkətinin hesabatında deyilir. Araşdırmalara əsasən, yaxın onillikdə süni intellektin sürətli inkişafı nəticəsində rəqəmsal texnologiyaların istifadəsi sahəsində köklü transformasiya baş verə bilər. Bəzi ekspertlər bu transformasiyanı “böyük binar partlayış” adlandırırlar. Yaxın illərdə rəqəmsal texnologiyaların istifadəsində əsas rolu süni intellekt tərəfindən idarəolunan avtonom agentlər oynayacaq.
Hazırda süni intellektin (AI) geniş tətbiqi səbəbindən bir çox peşənin tezliklə yox ola biləcəyi barədə çoxsaylı debatlar aparılır. Ekspertlər 2025-ci ildə maşınlar və proqramların nəyi və kimi əvəz edəcəyini də müzakirə edirlər.
2025-ci ildə generativ süni intellektdən istifadə artıq işçilərin səmərəliliyinin artırılması, xüsusilə proseslərin daxili avtomatlaşdırılması məqsədilə standart alətə çevriləcək. Süni intellekt artıq elektron poçt emalı, məlumatların daxil edilməsi, hesabatların yazılması, təqdimatların, sənədlərin hazırlanması, komandanın suallarına cavabların avtomatlaşdırılması kimi prosesləri uğurla əvəz edir. Bu gün bir çox şirkətlər müştərilərlə ünsiyyətdə səsli botlardan və çat-botlardan istifadə edirlər. Həmin “köməkçilərdən” şikayətlər də daxil olur. Çünki onlar istifadəçilərin müraciət etdikləri mürəkkəb sualları və yaranmış halları başa düşə bilmir, daha çox açar sözə uyğun olaraq standart cavablar verirlər. Şirkətin saytında eyni məlumatı oxuyan və nə edəcəklərini başa düşməyən insanlar rəqəmsal “köməkçi” ilə ünsiyyətdən narazı qalırlar. Bununla belə, innovativ tərəqqi davam edir, prosesə nikbin yanaşan ekspertlər əmindirlər ki, tezliklə neyron şəbəkələr istifadəçilərin qeyri-standart suallarına canlı insandan daha yaxşı cavab verməyi öyrənəcəklər. Proqnozlara əsasən, 2025-ci ildə bu texnologiyalar istifadəçinin AI ilə söhbətinin adi insanla söhbətdən fərqləndirə bilməyəcəyi səviyyəyə çatacaq. İnsan dilinin emal alqoritmləri süni intellektə yalnız standart tələbləri deyil, həm də müştərilərin daha mürəkkəb suallarını cavablandırmağa imkan verəcək. Bu cür sistemlər danışıqlar apara, məhsullar üzrə məsləhətlər verə, sövdələşmə bağlaya, avtomatik sifariş edə bilər.
Analitikanın əsas mərhələlərindən biri müxtəlif mənbələrdən məlumat toplamaqdır. Artıq bu, neyron şəbəkə alətlərinin tətbiqi hesabına daha az vaxt aparır. Tezliklə AI prosesə tam qoşularaq toplanmış məlumatlar əsasında kifayət qədər dəqiq nəticələr çıxara biləcək. Belə ki, hazırda süni intellektin köməyi ilə tələbatı proqnozlaşdırmaq, riskləri hesablamaq və biznes planı tərtib etmək mümkündür.
Yeni texnologiyalara keçid prosesi texnoloji inkişafdan daha yavaş gedir. Bizneslə məşğul olanların əksəriyyəti süni intellektin onlara nə kimi kömək edəcəyini düzgün anlamırlar. Ən ağıllı alqoritmlər belə dəqiq komanda və istiqamətlər tələb etdiyindən, vəzifələrin təyin edilməsi, keyfiyyətə nəzarət və strateji idarəetmədə insanın rolu mühüm olaraq qalır.
Əvvəlki bir neçə ili generativ AI-yə intensiv investisiyalar dövrü kimi xarakterizə etmək olar. Texnoloji baxımdan sıçrayış baş verdi, ancaq texnologiyaların real tətbiqini qiymətləndirsək, bir çox gözləntilər özünü doğrultmadı. Lakin ekspertlərin qənaətinə əsasən, artıq 2025-ci ildə süni intellekt, virtual reallıq və rəqəmsal “köməkçi”lərin inkişafı ilə bağlı peşələr ön plana çıxacaq və əmək bazarında böyük tələbat yaranacaq. Süni intellekt və neyron şəbəkələr vasitəsilə müxtəlif proseslərin və vəzifələrin optimallaşdırılmasına başlamayan firmalar rəqabətdə daha qabaqcıl oyunçulara məğlub olmaq riski ilə üzləşə bilərlər. Eyni zamanda bütün vəzifələr rəqəmsal “köməkçi”lərə həvalə edilə bilməz.
Beləliklə, 2025-ci il generativ süni intellektin daha balanslı və şüurlu tətbiqi ili olacaq. Lakin süni intellektin insanı uzun müddət əvəz edə bilməyəcəyi sahələr hələ də var və olacaq. Bunlar ilk növbədə empatiya və emosional intellekt tələb edən sektorlardır. Süni intellekt müstəsna öyrənmə qabiliyyətinə malikdir, lakin emosionallıq, strateji düşüncə və qeyri-standart həllər tapmaq insanın güclü tərəfi olaraq qalır.