Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda Sumqayıt Dünya Məktəbinin bir qrup şagirdi ilə görüş keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Sumqayıt Dünya Məktəbinin bir qrup şagirdi ilə görüş keçirildi.

Görüşdə məktəbin direktoru Çiçək Qaracayeva, müəllim,şagird,eləcə də institutun baş direktoru, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov və institutun şöbə müdirləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan baş direktor, AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov institutda şagirdlərlə keçirilən görüşün bu elmi qurumla tanışlıq xarakteri daşıdığını, əsas məqsədin şagirdlərdə elmə marağın artırılması olduğunu bildirdi. Qeyd edib ki, bu günün şagirdi, sabahın alimləri ilə belə görüşlərin keçirilməsinin əsas məqsədi elmlə təhsilin vəhdətinin daha da gücləndirilməsi, məktəblərlə əlaqələrin daha da genişləndirilməsi çərçivəsində istedadlı şagirdlərdə fundamental-tətbiqi elmi tədqiqatların aparılmasına marağın yaradılmasıdır. İnstitut rəhbəri, eyni zamanda müəssisədə aparılan tədqiqat işləri, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələrlə qonaqları tanış edib.

Tədbirdə Sumqayıt Dünya Məktəbinin direktoru Çiçək Qaracayeva çıxış edərək, rəhbərlik etdiyi məktəbin öz nailiyyətləri ilə hər zaman respublikanın öndə gedən tədris müəssisələrindən biri olduğunu vurğuladı. Bildirmişdir ki, bu dəyərli görüş Pi gününə həsr olunmuşdu. Ç.Qaraçayeva məktəb şagirdlərinin mühüm nailiyyətlər əldə etdiklərini, müxtəlif layihələrdə yaxından iştirak etdiklərini,məktəb məzunlarının isə, dünyanın nüfuzlu ali məktəblərində təhsil alaraq riyaziyyat, informasiya texnologiyaları və digər sahələrdə böyük uğurlara imza atdıqlarını söylədi.

Qeyd edib ki, belə görüşlər şagirdlərin beynəlxalq elm və innovasiyalar sahəsində biliklərini artırmaq, elmi əməkdaşlıqları genişləndirmək və məktəbin beynəlxalq əlaqələrini daha da inkişaf etdirmək baxımından əhəmiyyətlidir.

Daha sonra məktəbin riyaziyyat müəlliməsi Rəvanə xanım və istedadlı şagirdlər Riyaziyyat və Mexanika İnstitutunda bu unudulmaz elmi görüşün keçirilməsinə görə institut rəhbərliyinə və kollektivinə minnətdarlıq ifadə ediblər.

Həmçinin görüşdə riyaziyyat elminə maraqları ilə seçilən şagirdlər öz təqdimatları ilə iştirakçıları tanış etdilər.

Tədbirin sonunda müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.